Fransanın cənub-qərbində yerləşən Jironda əyalətində meşə yanğınları başlayandan bəri ən azı 126 yanğınsöndürən xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə prefekturanın məlumatlarına əsaslanaraq BFMTV telekanalı məlumat yayıb.
Bildirilib ki, bir həftə əvvəl baş verən ilk yanğından etibarən yüzlərlə yanğınsöndürən gecə-gündüz alovla mübarizə aparır. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, bir neçə yeni yanğın ocağının yaranmasına baxmayaraq, vəziyyət nəzarət altında saxlanılır. Prefektura nümayəndəsinin sözlərini sitat gətirən telekanal gecənin sakit keçdiyini vurğulayıb. Lakin BFMTV qeyd edib ki, iyulun 29-da əyalətdə havanın temperaturunun 42 dərəcəyə qədər yüksəlməsi gözlənilir və bu da yanğının söndürülməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
Ölkə tarixində ən irimiqyaslı yanğının qarşısını almaq məqsədilə Jirondaya 2.5 minə yaxın yanğından mühafizə və xilasetmə xidməti əməkdaşı, o cümlədən İsveçrədən gələn mütəxəssislər cəlb olunublar. Təbii fəlakət zonasında təxliyə işlərini həyata keçirmək və təhlükəsizliyi təmin etmək üçün onlara 1.5 min fransız hərbçisi və 1.2 min polis əməkdaşı da dəstək verir.