Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Padar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyulun 29-da saat 08:30-da iki nəfər (bir qadın, bir kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara travmatik şok, beyinin əzilmiş yarası, kəllə əsasının sınığı, baş və bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilib. 1984-cü il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
1987-ci il təvəllüdlü şəxs (kişi) isə göstərilən zəruri reanimasiya tədbirlərinə cavab verməyib və saat 09:15-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.
Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin xəsarət aldığı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəsarət alan "Mercedes" markalı avtomobilin 42 yaşlı sərnişini Aynur Salahovadır.
"Mercedes"in sürücüsü, Oğuz rayonunun Xaçmaz kənd sakini 19 yaşlı Elvin Əhmədli xəsarət almayıb.
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saat 8:00-da rayonun Padar kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı, 10-UB-204 dövlət nömrə nişanlı avtomobillə 10-CB-199 dövlət nömrə nişanlı VAZ-21099 avtomobili toqquşub.
Nəticədə VAZ-21099-un sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Məmmədəliyev dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.