Yaponiyada fövqəladə vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) reaktorlarının soyudulması üçün istifadə edilən suyun Sakit okeana axıdılması əməliyyatının ikinci mərhələsi başlayıb.
Məlumata görə, TEPCO şirkəti AES-də toplanan 7,8 min ton təmizlənmiş suyun ikinci partiyasını dənizə buraxmağa başlayıb. İkinci suburaxma müddəti birinciyə oxşar olacaq və bunun 17 gün davam edəcəyi gözlənilir.
Xatırladaq ki, yaponiyalı mütəxəssislər zədələnmiş atom elektrik stansiyasından suyun okeana buraxılmasına avqustun 24-də başlayıb. AES-in operatoru olan TEPCO cari maliyyə ilində, yəni 2024-cü il martın 31-dək ümumilikdə 31 200 ton atmağı planlaşdırır.
Tərkibində tritium olan su 1 km uzunluğunda yeraltı tunel vasitəsilə hissə-hissə okeana axıdılacaq.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) rəhbərliyi əməliyyatın təhlükəsizliyini təmin edib. BAEA-nın baş direktoru Rafael Qross suyun boşaldılmasının insanlara və ətraf mühitə radioloji təsir göstərəcəyini etiraf edib, ancaq bunun cüzi olacağını deyib.
Yaponiyanın Baş naziri Fumio Kişida da çirkab sularının Sakit okeana axıdılmasının təhlükəsizliyini göstərmək üçün ictimaiyyət qarşısında həmin ərazinin dəniz məhsullarından hazırlanan yeməyi yeyib.
Mənbə: İnterfaks
Rəylər