Gürcüstanda Cavaxetiya regionunda erməni əsilli 5 min sakin ölkə rəhbərliyindən gizli olaraq Ermənistan vətəndaşlığını qəbul edib. Bu qərarı onlar Rusiyaya əmək miqrantları kimi getməyi asanlaşdırmaq üçün veriblər.
“Biz Ermənistan vətəndaşlığını qəbul etməyə qərar verdik ki, maneəsiz olaraq Rusiyaya gedək və orada işə düzələk”, - Ermənistanın yeni vətəndaşları “Rustavi 2” telekanalına danışıb.
Oxu.Az “Qruziya Online”-a istinadən xəbər verir ki, lakin nəticədə Ermənistan vətəndaşlığını qəbul etmiş hər kəs Gürcüstan vətəndaşlığını itirib, belə ki, ölkə qanunvericiliyinə əsasən, iki ölkənin vətəndaşı olmaq qadağandır.
KİV-in məlumatına görə, problemi həll etməyə çalışan Cavaxetiya sakinləri imza toplama kampaniyasına başlayıblar. Prosesə Gürcüstan parlamentinin keçmiş deputatı Melik Raisyan başçılıq edir.
Onlar vətəndaşlıqları olmaya-olmaya Gürcüstanda yaşamağa icazə verilməsini xahiş edirlər.
Qeyd edək ki, Gürcüstanın cənub-qərbində yerləşən Samtsxe-Cavaxetiya regionu ölkənin ən böyük inzibati ərazi vahidlərindən biridir.
Samtsxe-Cavaxetiya ərazisi boyu yalnız region ölkələri üçün deyil, Avropa və ABŞ üçün vacib karbohidrogen və dəmir yolu magistralları keçir. Bunlar əsasən, Bakı-Tbilisi-Ceyhan və Bakı-Batumi-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməridir. Axalkalaki-Qars dəmir yol magistralı da həmçinin bu regiondan keçəcək.
Region erməni sepratizminin əsas ocaqlarından biri kimi tanınır. Belə ki, ermənilər dəfələrlə region üçün muxtariyyət tələb edib, bəzən isə Ermənistana birləşmək arzularını açıq bəyan ediblər.