Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə görüşdə iştirak etməyə hazırdır. Oxu.Az-ın Gürcüstan KİV-nə istinadən verdiyi məlumata əsasən, bu barədə hökumət başçısı bu gün jurnalistlərə bildirib.
“Bu cür görüşün baş tutması üçün bizim prinsipial hazırlığımız var. Lakin görüşün necə və hansı formatda baş tutacağına gəlincə, bunun üçün yaxşı hazırlıq və vəziyyətin yaxşı təhlili tələb olunur. Hesab edirəm ki, görüş xətrinə görüş düzgün deyil. Görüş konkret nəticəyə istiqamətlənməlidir. Mən hazırlığımızı bəyan edirəm ki, qərar qəbul edən Gürcüstan hökuməti, şəxsən özüm kimi görüşdə iştirak edəcək”, - Qaribaşvili deyib.
RF Prezidenti Vladimir Putin bu yaxınlarda bildirib ki, Rusiya Moskvada Gürcüstan hökumətinin istənilən nümayəndəsini görməkdən şad olar. Onun sözlərinə görə, ilkin mərhələdə heç olmasa, “münasibətləri yoluna qoymaq, birbaşa əlaqələr qurmaq lazımdır”.
Putinə cavab olaraq Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili jurnalistlərə bildirib ki, dövlət başçısı Georgi Marqvelaşvili rusiyalı həmkarı ilə görüşə yalnız Abxaziya və Tsxinvali regionları ilə bağlı problemlərin müzakirəsi üçün hazırdır.