Rusiya Prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Oxu.Az "Haber Global"a istinadla xəbər verir ki, bundan əvvəl nazir 16 may tarixində İstanbul danışıqları çərçivəsində Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüş keçirib. Görüş zamanı Ukrayna ilə danışıqlar prosesi müzakirə olunub.
Bildirilir ki, Putinlə görüşdən sonra Fidan Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşəcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan may ayında İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə Moskvada danışıqlar aparıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "TRT Global" məlumat verib.
Məlumata görə, görüş Türkiyə diplomatiyasının rəhbərinin Rusiya Federasiyasına iki günlük səfəri çərçivəsində baş tutub.
Danışıqların əsas mövzusu Türkiyənin Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi kimi rolu olub.

Xatırladaq ki, mayın 16-da Türkiyənin paytaxtında Moskva ilə Kiyev arasında son üç ildə ilk birbaşa danışıqlar baş tutub. Nümayəndə heyətləri "1000-ə 1000" formatında məhbus mübadiləsi aparmaq barədə razılığa gəliblər və prezidentlər Vladimir Putin və Volodimir Zelenski arasında görüş imkanını müzakirə ediblər.
Səfər çərçivəsində Hakan Fidan həmçinin Rusiyanın müdafiə naziri Andrey Belousovla da görüşəcək. Türkiyəli nazirin Rusiya Prezidenti Vladimir Putin tərəfindən də qəbul ediləcəyi gözlənilir.
Tərəflər Ukrayna məsələsindən əlavə, ikitərəfli münasibətlərin inkişafını da müzakirə edəcəklər. Gündəlikdə ticarət, enerji və turizm sahələrində əməkdaşlıq, həmçinin regional məsələlər, o cümlədən Suriya, Qəzza zolağı və Cənubi Qafqazdakı vəziyyət dayanır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfərinin ilk günündə Rusiya Prezidenti Vladimir Putin, onun köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşlər keçirməyi planlaşdırır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Xarici işlər naziri Hakan Fidan mayın 26-da Rusiya Federasiyasına səfəri zamanı Prezident Vladimir Putin tərəfindən qəbul ediləcək, onun köməkçisi Vladimir Medinski və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşlər keçirməyi planlaşdırır. Sabah (mayın 27-də) Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş nəzərdə tutulur", - deyə mənbə bildirib.
Həmçinin qeyd edilib ki, mayın 26-da Hakan Fidan Rusiya-Türkiyə Sahibkarlar İttifaqının İdarə Heyətinin üzvləri ilə də görüşmək niyyətindədir.