Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hindistan və Pakistan atəşkəslə bağlı razılığa gəldilər: İslamabad hava məkanını açır
Pakistanın hava məkanı bütün növ uçuşlar üçün tam açılıb, Yeni Delhi ilə İslamabad arasında atəşkəs razılaşmasının əldə edilməsinin elan edilməsindən sonra ölkədəki hava limanları fəaliyyətini normal rejimdə bərpa edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Pakistanın Hava Limanları İdarəsindən məlumat verilib.
"Pakistanın hava məkanı bütün növ uçuşlar üçün tam açıqdır. Ölkə üzrə bütün hava limanları normal rejimdə işləyir", - deyə qurumun "Facebook" səhifəsindəki rəsmi açıqlamada bildirilib.
"Reuters"in Hindistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Hindistan və Pakistan arasında daha əvvəl ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs rejimi yerli vaxtla saat 17:00-dan (Bakı vaxtı ilə 15:30-da - red.) qüvvəyə minib.
"Pakistanın hərbi əməliyyatlar üzrə baş direktoru bu gün günorta saatlarında Hindistanın hərbi əməliyyatlar üzrə baş direktoru ilə telefon danışığı aparıb. Tərəflər quruda, havada və dənizdə bütün atışmaların və hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər", - deyə Hindistanın xarici işlər naziri Vikram Misri qeyd edib.
Diplomat, həmçinin qeyd edib ki, iki ölkənin hərbi qurumlarının nümayəndələri atəşkəs rejiminə əməl olunmasını qiymətləndirmək üçün mayın 12-də təkrar danışıqların aparılması barədə razılığa gəliblər.
Maraqlıdır ki, Hindistan tərəfindəki CNN mənbələri atəşkəsin beynəlxalq vasitəçilərin iştirakı olmadan birbaşa İslamabad və Yeni Delhi arasında razılaşdırıldığını vurğulayır, bu da tərəflərin münaqişəni müstəqil şəkildə həll etməyə hazır olduqlarının göstəricisi ola bilər.

Hindistan və Pakistan Vaşinqtonun vasitəçiliyi ilə tam atəşkəs barədə razılığa gəliblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında paylaşım edib.
"ABŞ-nin vasitəçiliyi ilə gecə davam edən uzun danışıqlardan sonra Hindistan və Pakistan tam və dərhal atəşkəs haqqında razılığa gəliblər", - deyə Tramp paylaşımda bildirib.
Eyni zamanda Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar Hindistanla atəşkəs barədə xəbəri təsdiqləyib.
Həmçinin Hindistan tərəfi də Pakistanla atəşkəs və hərbi əməliyyatın dayandırıldığını təsdiqləyib. Bu barədə jurnalistlərə Hindistan mənbələri məlumat veriblər.
"Hindistan və Pakistan arasında atəşkəs və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb", - deyə məlumatda bildirilib.

Pakistan Hindistan tərəfinin hərəkətlərinə cavab olaraq Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Geo TV" təhlükəsizlik mənbələrinə istinadən məlumat verib.
Mənbələrin məlumatına görə, "Banyan-ul-Marsus" ("Qurğuşunla örtülmüş divar") əməliyyatı çərçivəsində bütün Hindistan ərazisində çoxsaylı strateji obyektlər hədəf alınıb. Əməliyyatın adı dərin simvolik məna daşıyır və "keçilməz maneə" mənasını verən "Quran" ifadəsinə istinad edir.
"İlkin mərhələdə, təhlükəsizlik qüvvələrindəki mənbələrin məlumatına görə, zərbələr nəticəsində Hindistanın bir çox qiymətli hərbi obyektləri məhv edilib", - deyə bəyanatda bildirilib.
Pakistan hərbçilərinin iddialarına görə, Beasda yerləşən "Bramos" raket anbarı məhv edilib. Rusiya və Hindistanın birgə layihəsi olan "Bramos" raket kompleksinə 290 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilən səsdən sürətli qanadlı raketlər daxildir.
Hindistan Hərbi Hava Qüvvələri üçün regionda strateji əhəmiyyət kəsb edən Hindistanın Udhampur və Pathankot hava bazaları güclü zərbələrə məruz qalıb. Pakistan Silahlı Qüvvələri həmçinin Uridə Hindistan ordusunun briqada qərargahını və təchizat anbarını da məhv edib.
Eyni zamanda kiberhücumlar nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70%-nin sıradan çıxarıldığı da iddia edilir. Əgər bu məlumatlar təsdiqlənərsə, bu, dövlətlərarası münaqişədə kibersilahlardan misligörünməmiş istifadə demək olacaq. Hindistanın "Indian Express" nəşri artıq ölkə sakinlərinə mümkün kiberhücumlarla bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, daha əvvəl Pakistan ordusunun ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Əhməd Şərif Çaudhri Hindistan Hərbi Hava Qüvvələrinin Nur-Xan, Myurid və Şorkot aviabazalarına hücum etdiyini bəyan edib.
Onun sözlərinə görə, Hindistan raketlərinin əksəriyyəti havada məhv edilib, aviabazaların yaxınlığına düşənlər isə o qədər də ciddi ziyan vurmayıb.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə idarələrarası bölməsi bildirib ki, ölkə ordusu Hindistanın Cammu və Kəşmir bölgəsindəki Birnala qəsəbəsində aerodromu və Hindistanın üç nəzarət-buraxılış məntəqəsini məhv edib.
Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Buna cavab olaraq Pakistan hökuməti genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Pakistan hərbçiləri həmçinin Bhatinda şəhərində (Pəncab ştatı) aerodromun, eləcə də Akxnur şəhərində (Hindistan birliyinin Cammu və Kəşmir ərazisi) aviabazanın dağıdılması barədə məlumat veriblər.
"Pakistana qarşı istifadə edilən bütün aviabazalara eyni vaxtda hücum edilir. Gözə göz, dişə diş", - deyə Pakistan hərbi qurumunun bəyanatında qeyd edilib.
Bildirək ki, Hindistan və Pakistan arasındakı münaqişə 1947-ci ildə Britaniya Hindistanının bölünməsinə qədər uzanan uzun tarixə malikdir. Hər iki ölkə nüvə silahına malikdir və bu da hər hansı bir eskalasiyanı regional və qlobal təhlükəsizlik üçün xüsusilə təhlükəli edir. Hazırkı eskalasiya son onilliklər ərzində ən ciddisi ola bilər.
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Geo TV" kanalı mənbələrə istinadən xəbər verir.
Onların məlumatına görə, Pakistan Silahlı Qüvvələri Hindistan ərazisində çoxsaylı strateji hədəfləri vurur, Bisdə "BrahMos" raket anbarı məhv edilir.
Daha əvvəl Pakistan ölkənin hava məkanının müvəqqəti bağlanmasını elan edib.
Pakistan hava məkanını Hindistanın zərbələri səbəbindən saat 03:15-dən (Bakı vaxtı ilə 02:15 - red.) 12:00-dək (Bakı vaxtı ilə 11:00 - red.) bütün uçuşlar üçün bağlayıb.
Hindistan Pakistanın Ravalpindi şəhərində yerləşən Nur-Xan Hərbi Hava Qüvvələri bazasını atəşə tutub.
Oxu.Az-ın "Clash Report"a istinadən verdiyi məlumata görə, hücum nəticəsində partlayış baş verib və bazada yanğın başlayıb.
Eyni zamanda, Pakistanın Təhlükəsizlik Xidməti bildirib ki, Nur-Xan bazasında baş verən partlayış Hindistana məxsus pilotsuz uçuş aparatının (PUA) məhv edilməsi ilə əlaqədardır.
Bundan əlavə, Pakistanın bir neçə şəhərində Hərbi Hava Qüvvələri bazalarına qanadlı raketlərlə zərbələr endirilib. Zərbələrin qarşısının alındığı bildirilib.
"Hindistan-Pakistan gərginliyi" teqi üzrə xəbərlər
- Hindistanla Pakistan arasında atəşkəs rejiminin bitmə tarixi ilə bağlı AÇIQLAMA
- Pakistan və Hindistan razılığa gəldilər
- Pakistan institutu Azərbaycana minnətdarlıq fləşmobu təşkil edib
- Pakistandan cavab tədbiri - Hindistanlı diplomata 24 saat vaxt verildi
- Pakistan ölən və yaralananların sayını açıqladı