Hindistanın Racasthan ştatında bəbir içki mağazasına girərək üç nəfəri yaralayıb.
Oxu.Az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Hadisə Todaraysinqh şəhərində baş verib. Meşə departamentinin məlumatına görə, yırtıcı heyvan ətraf meşələrdən yaşayış məntəqəsinə gəlib. Həmin ərazidə kifayət qədər böyük bəbir populyasiyasının olduğu bildirilir.
Bəbir əvvəlcə meşə mühafizəsi əməkdaşına hücum edərək onu yaralayıb, daha sonra spirtli içki satılan mağazaya daxil olaraq oradakı müştəri və satıcıya hücum edib.
Hadisə yerinə meşə departamentinin əməkdaşları cəlb olunublar. Təxminən beş saat davam edən əməliyyatdan sonra bəbir sakitləşdirici iynə ilə zərərsizləşdirilib və baytarlıq müayinəsi üçün ərazidən aparılıb.