Hindistanın paytaxtı Nyu-Delhidə "Tarakanlar Partiyası" adlı etirazçı siyasi hərəkatın təşkil etdiyi aksiyalar zamanı 5 mindən çox insan saxlanılıb, iki polis əməkdaşı xəsarət alıb.
Oxu.Az "The Hindu" qəzetinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Qeyd olunur ki, Hindistan hakimiyyəti "Tarakanlar Partiyası"nın lideri Abhicit Dipkeni saxlayıb.
İnsident zamanı Dehli polisinin azı iki əməkdaşı yaralanıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. Etirazçılar Hindistanın seçki komissiyasının sədrinin istefasını və seçici siyahılarının yenidən nəzərdən keçirilməsinin ləğvini tələb edirlər.
Nəşr əlavə edir ki, etirazlar fonunda Hindistanın paytaxtında 45 metro stansiyasının fəaliyyəti müvəqqəti dayandırılıb.
"The Hindu"nun məlumatına görə, oxşar etirazlar Mumbay şəhərində də başlayıb.
"Tarakanlar Partiyası" 2026-cı ilin mayında yaradılmış satirik siyasi hərəkatdır. Partiya Hindistan Ali Məhkəməsinin sədri Suryakantın işsiz gəncləri tarakanlarla müqayisə edən açıqlamasına cavab olaraq formalaşdırılıb. Hərəkatın qurucusu Abhicit Dipke təhsil sahəsində islahatlara nail olmaq məqsədilə Dehlidəki etirazlara rəhbərlik etmək üçün iyun ayında ABŞ-dan Hindistana qayıdıb.