Hindistanın dövlət neft emalı zavodları ABŞ Prezidenti Donald Trampın 100 faiz tarif tətbiqi hədələrindən sonra tədricən Rusiya neftinin alışını dayandırır.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Belə ki, "Indian Oil Corp", "Hindustan Petroleum Corp", "Bharat Petroleum Corp" və "Mangalore Refinery Petrochemical Ltd" dövlət neft emalı zavodları Rusiyadan neft alışını dayandırıb.
Qeyd olunur ki, Hindistan neft emalı zavodları tədarükləri əvəz etmək üçün Əbu-Dabi və Qərbi Afrika xam neftindən istifadəyə keçib.
"Business Standard" nəşri isə yazır ki, Rusiya neftinin əsas tədarükçüsü olan şirkətlər Hindistan hökumətindən ABŞ-nin rüsumlarının artırılmasını onların Rusiyadan enerji alışlarına təsir edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini istəyirlər.
Rusiya neftinin idxalçıları indi Hindistanın Neft və Təbii Qaz Nazirliyindən bu məsələ ilə bağlı müraciətlərinə cavab gözləyirlər.
"Rusiyadan neft tədarükünün hər hansı formada azalması dövlətə məxsus neft emalı zavodlarının mənfəətinə təsir edəcək", - Hindistanın ICRA reytinq agentliyinin vitse-prezidenti Praşant Vaşişt bildirib.
Qeyd olunur ki, 2025-ci ilə qədər xam neftin qiymətinin bir barel üçün 10 dollar artması Hindistanın xərclərini 13-14 milyard dollar artıracaq. Hindistan, dünyanın üçüncü ən böyük neft idxalçısı və Rusiya xam neftinin ən böyük alıcısıdır.