"Azərbaycan Premyer Liqasında ilk beşlikdə ("Qarabağ", "Neftçi", "Zirə", "Araz-Naxçıvan" və "Sabah") qərarlaşan komandalarla sonuncu yerdəkilər arasında xal fərqinin çox olmasından qorxuram".
Bunu Oxu.Az-a müsahibəsində "Səbail" klubunun sabiq baş məşqçisi Cavid Hüseynov deyib.
O, "Qarabağ", "Zirə", "Araz-Naxçıvan" və "Sabah"ın avrokuboklardakı şanslarını dəyərləndirib. Təcrübəli mütəxəssis eyni zamanda Azərbaycan Premyer Liqasının yeni mövsümünün daha qızğın keçəcəyini bildirib.
Həmin müsahibəni təqdim edirik:
- Yeni mövsümöncəsi ümumi gözləntiləriniz nələrdir?
- Düşünürəm ki, 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında daha qızğın və maraqlı mübarizəyə şahidlik edəcəyik. Xüsusilə ilk beşlikdə yer alan komandaların heyət baxımından güclü transferlər etmələri bu ehtimalı artırır. Lakin bir qorxum var: çempionatın ilk beş pilləsində qərarlaşan komandalarla sonuncu yerlərdəki komandalar arasında xal fərqi ciddi şəkildə arta bilər. Bu isə liqada ümumi rəqabət balansına mənfi təsir göstərə bilər.
- Avrokuboklardakı təmsilçilərimizin çıxışı ilə bağlı fikirləriniz necədir?
- "Qarabağ"ın III təsnifat mərhələsində də mərhələ keçəcəyini düşünürəm. Oyun əvvəlcədən proqnozlaşdırmaq baxımından çətin olsa da, ümumi baxışda "Qarabağ" rəqibindən daha güclüdür. Onların bu mərhələni keçmək ehtimalı yüksəkdir.
"Zirə"yə gəldikdə isə, Bakıdakı oyunda çoxsaylı qol epizodlarından istifadə edə bilmədilər. Amma nəticə ümumi mənzərədə onlara sərf edir. Səfər oyunu gərgin və çətin olacaq. Hazırkı durumda mərhələ keçmək şansı 50/50-dir. Ümid edirəm ki, "Zirə" növbəti mərhələyə vəsiqə qazanacaq.
"Araz-Naxçıvan" isə məni xüsusilə sevindirdi. Onlar transfer siyasətində uğurlu addımlar atdılar. Komandaya uyğun futbolçular transfer etdilər və bu da meydanda özünü göstərdi. Qazandıqları qələbə tamamilə haqlı və ədalətli idi. Səfər oyunu asan keçməyəcək, amma "Araz-Naxçıvan"a inamım tamdır.
"Sabah" isə 2:0 hesablı qələbə ilə artıq ciddi üstünlük əldə edib. "Petrokub" onlarla başabaş oynamaq gücündə deyil. Bu səbəbdən cavab oyununda təmsilçimizdən 1:0 və ya 2:0 hesablı qalibiyyət gözləyirəm."
- "Neftçi"nin hazırkı durumu sizi necə düşündürür?
- "Neftçi" daim çempionluğa oynayan komanda olmalıdır. Amma hazırda komanda sıfırdan qurulur. Belə olan halda dərhal çempionluq gözləmək doğru olmaz. Yaxşı xatırlayıram, "Qarabağ" da bu səviyyəyə gəlmək üçün beş il vaxt sərf etdi. "Neftçi"nin də yeni heyət qurub, stabillik əldə etməsi üçün zamana ehtiyacı var.
Anar Həsənov