"Honda" avtomobillərinin sahiblərindən daxil olan çoxsaylı şikayətlərdən sonra ABŞ-nin müvafiq tənzimləyici qurumu 1 033 632 avtomobillə bağlı araşdırmaya başlayıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, avtomobil sahiblərini narahat edən əsas problem "Start-Stop" avtomatik sisteminin mühərriki söndürdükdən sonra onu yenidən işə sala bilməməsidir.
ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) bununla bağlı 701 şikayət daxil olub.
Araşdırma 2024-2026-cı model illərinə aid "Honda Odyssey", "Passport", "Ridgeline" və "Pilot", eləcə də "Acura MDX" avtomobillərini əhatə edəcək.
"Start-Stop" sistemi yanacağa qənaət etmək üçün nəzərdə tutulub. Avtomobil tam dayandıqda sistem mühərriki söndürür, sürücü əyləc pedalını buraxdıqda isə onu yenidən işə salmalıdır.
Qeyd edək ki, tənzimləyici qurum "Honda" avtomobillərinin bir qismində oxşar sistem nasazlığı ilə bağlı artıq araşdırma aparır. Həmin araşdırma yeni yoxlamaya daxil edilən modellərin 2026-cı model ili istisna olmaqla, digər bütün versiyalarını əhatə edir.
NHTSA-nın məlumatına görə, hər iki qrup avtomobildə oxşar nasazlıqlar müşahidə olunur.