Yəməndə fəaliyyət göstərən qiyamçı "Ənsar Allah" hərəkatının (husilər) nümayəndələri Amerika Birləşmiş Ştatları ilə silahlı toqquşma istəmədikləri barədə Vaşinqtonu əmin ediblər.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dublində İrlandiyanın Baş naziri Mixol Martinlə görüşü zamanı mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib:
"Husilər bizimlə əlaqə saxladılar. Onlar bizimlə vuruşmaq niyyətində deyillər. Bunu bizim diqqətimizə çatdırdılar. Onlar mənim tərəfimdən təqib olunmaq istəmirlər".
Trampın sözlərinə görə, husilərin razı qalmadıqları yalnız bir ölkə mövcuddur. Burada böyük ehtimalla Səudiyyə Ərəbistanı nəzərdə tutulub.
Birləşmiş Ştatların rəhbəri bu problemi yoluna qoyacağını diqqətə çatdırıb.
Bundan əlavə, ABŞ Prezidenti İrandakı vəziyyətə toxunaraq İslam Respublikası ilə müharibənin çox tezliklə başa çatacağını bəyan edib.
Tramp əlavə edib ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra neftin qiyməti aşağı düşəcək.