Keniyanın Böyük Rift vadisində yaşayan çəhrayı flaminqolar yerli göllərdə təbii şəraitin dəyişməsi səbəbindən lələklərinin parlaq rəngini itirməyə başlayıblar.
Oxu.Az "Africanews" telekanalına istinadən xəbər verir ki, alimlər bunu flaminqoların məskunlaşdığı qələvi göllərdə suyun səviyyəsinin artması ilə əlaqələndirirlər.
Mütəxəssislərin sözlərinə görə, güclü yağışlar və digər təbii amillər nəticəsində göllərin suyu daha az duzlu olur. Bu isə flaminqoların əsas qida mənbəyi hesab edilən sianobakteriyaların sayının azalmasına səbəb olur.
"Flaminqoların lələklərinin çəhrayı rəngi birbaşa qidalanmaları ilə bağlıdır. Sianobakteriyaların miqdarı azaldıqda, quşların lələkləri də əvvəlki qədər parlaq çəhrayı olmur", - deyə "Nature Kenya" təşkilatının nümayəndəsi Pol Qaçeru bildirib.
Alimlərin sözlərinə görə, bu dəyişikliklər artıq Böyük Rift vadisində yerləşən bir neçə göldə, o cümlədən Elementayta və Boqoriya göllərində müşahidə edilir.
Mütəxəssislər bildirirlər ki, qida ehtiyatlarının azalması həmin ərazilərdə flaminqoların sayının da nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.