Yaxın Şərqdəki böhranın təsirləri ilə ABŞ, Böyük Britaniya və digər inkişaf etmiş dövlətlərdə qiymət artımı və əməkhaqlarının azalması müşahidə olunmağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Hörmüz boğazının bağlanması nəticəsində yanacağın və avtomatik təyyarə biletlərinin kəskin bahalaşması ABŞ, Britaniya və bir sıra başqa ölkələrdə istehlak xərclərinə ciddi təzyiq yaradır.
Qeyd olunub ki, aprel ayında Amerika Birləşmiş Ştatlarında illik inflyasiya 3.8 faizə çatıb. Eyni dövr ərzində orta saatlıq əməkhaqqı isə yalnız 3.6 faiz artıb. Bu o deməkdir ki, son iki il ərzində ilk dəfə olaraq qiymətlər maaşlardan daha sürətlə bahalaşıb. Avrozona məkanında baş verən enerji şoku, 2022-ci ilin inflyasiya böhranından sonra öz vəziyyətini yenicə bərpa etmiş işçilər üçün növbəti sarsıntıya çevrilib.
Bundan başqa "Financial Times" Avropa İttifaqının (Aİ) yeni iqlim qaydalarının iqtisadiyyata təsirləri barədə də məqalə dərc edib. Qeyd olunub ki, Avropanın aparıcı aviaşirkətlərinin hər birinin əlavə maliyyə xərcləri Aİ-nin yeni iqlim qaydaları səbəbindən ən azı 1.5 milyard avro artacaq. Nəşrin məlumatına görə, Brüssel Avropanın müxtəlif sənaye sahələrində dekarbonizasiya səylərinin əsasını təşkil edən sistemin yenidən nəzərdən keçirilməsi çərçivəsində özünün emissiya ticarəti sisteminin (ETS) ittifaqdan uçan reyslərə də şamil edilməsi imkanını dəyərləndirir.
İnvestorlara karbon tullantılarının qiymətləndirilməsi üzrə məsləhətlər verən "Transition Metrics" konsaltinq şirkətinin proqnozlarına əsasən, bu dəyişiklik ilk növbədə "Lufthansa", "British Airways" və "Air France - KLM" kimi böyük aviadaşıyıcılara təsir göstərəcək. Onların 2027-ci ildəki əlavə xərcləri müvafiq olaraq 1.8 milyard avro, 1.7 milyard avro və 1.5 milyard avroya çatacaq.
"Transition Metrics"in rəhbəri Yan Arensin sözlərinə görə, emissiya ticarəti sisteminin (ETS) tam tətbiqi, karbon tullantıları üzrə xərclər sərnişinlərin üzərinə düşərsə, Frankfurt - Pekin istiqamətindəki biletin qiymətini 100 avro artıracaq:
"Bu xərclər cüzi deyil, onlar kifayət qədər əhəmiyyətlidir.
Aviaşirkətlər artıq 2027-ci ilin tələblərinə riayət etməklə bağlı öhdəliklərinin sığortalanması problemi ilə üzləşirlər. Gələn il üçün uzaq magistrallı uçuşlara bilet satışı artıq indidən başlayır".