ABŞ-nin Ər-Riyaddakı səfirliyi fəaliyyətini növbəti xəbərdarlığa qədər dayandırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə diplomatik missiyanın saytında məlumat verilib.
"Səudiyyə Ərəbistanındakı ABŞ nümayəndəliyi martın 3-də, çərşənbə axşamı günü bağlanacaq. Səfirliyə edilən hücum səbəbindən onun binasında qəbul müvəqqəti olaraq dayandırılıb", - məlumatda deyilir.
Səfirlik, həmçinin Səudiyyə Ərəbistanındakı bütün vətəndaşlarını təhlükəsiz sığınacaq tapmağa və sonrakı xəbərdarlığa qədər orada qalmağa çağırıb.
Xatırladaq ki, ötən gün ABŞ-nin Ər-Riyada yerləşən səfirliyinə dron hücumu edilib. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi faktı təsdiqləyib.
"Reuters"in məlumatına əsasən, bina boş olduğundan xəsarət alan olmayıb. Binadakı yanğın isə tez bir zamanda söndürülüb.
İran ABŞ-nin Ər-Riyaddakı səfirliyinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Səudiyyə Ərəbistanı rəsmiləri də ABŞ-nin diplomatik missiyasına zərbə endirildiyi xəbərini təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp da bəyanatla çıxış edib. O, ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücuma və amerikalı hərbçilərin ölümünə cavab veriləcəyini deyib.
"Cavabın nə olacağını tezliklə biləcəksiniz", - deyə Ağ Ev rəhbəri bildirib.
Tramp, həmçinin ölkəsinin obyektlərinə və ərazilərinə növbəti hücum təhlükəsindən narahat olmadığını da qeyd edib.