İran ordusu İordaniya ərazisində yerləşən "Əl-Əzraq" aviabazasında ABŞ hərbçilərinə aid kazarma, anbar və məişət obyektlərinə PUA-larla zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Bildirilib ki, İran hərbi birləşmələri həmçinin Bəhreynin "Şeyx İsa" hava bazasına da hücum edib. Həmin zərbələrdə hədəf olaraq ABŞ hərbi təyyarələrinin təmir anqarları, avadanlıqların olduğu sahələr və hərbi saxlanclar seçilib.
İran Küveytdə yerləşən ABŞ hərbi düşərgəsinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına əsasən məlumat yayıb.
Bildirilib ki, bir neçə saat əvvəl həyata keçirilən "İldırım" əməliyyatının 21-ci mərhələsi çərçivəsində ABŞ ordusunun Küveytin qərbindəki Doha qarnizonunda yerləşən sursat anbarlarına və quru qoşunlarının komandanlıq mərkəzinin logistika avadanlıqlarına kütləvi zərbələr endirilib.
Qeyd olunub ki, Doha ABŞ-nin Küveytin qərbindəki ən vacib və əsas hərbi bazalarından biridir. Bura sözügedən bölgədə yerləşən Amerika hərbçilərinin dəstək mərkəzi hesab olunur və orada ABŞ quru qoşunlarının, habelə hərbi dəniz və hərbi hava qüvvələrinin çoxlu sayda texnikası və şəxsi heyəti yerləşir.