İran Hörmüz boğazında gəmiçiliyin normallaşdırılması istiqamətində Omanın təklifi olan plandan imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.
Sözügedən layihə bu dəniz marşrutunun hər iki dövlət tərəfindən birgə idarə olunmasını, eləcə də tranzitə görə gəmi sahiblərindən könüllü ödənişlərin toplanmasını nəzərdə tutur.
Məlumata əsasən, Omanın bu təşəbbüsü Fars körfəzi ölkələri tərəfindən dəstəklənmişdi. Nümunə olaraq İndoneziya, Malayziya və Sinqapurun əməliyyat xərclərini maliyyələşdirmək məqsədilə gəmi sahiblərinin könüllü ödənişlərinə nəzarət etdiyi Malakka boğazından tranzit modeli təklif edilirdi. Tehran isə idarəetmənin bərabər şəkildə bölüşdürülməsi ilə razılaşmayıb.
Həmçinin vurğulanır ki, ABŞ-nin Hörmüz boğazı ilə bağlı mövqeyi hər hansı tranzit rüsumlarının və ya vergilərin olmamasını nəzərdə tutur.
Məlumata görə, Vaşinqtonun münaqişənin həlli üçün Tehrana təklif etdiyi variantlar tranzit rüsumlarının alınması ehtimalını tamamilə istisna edir.
Qeyd edək ki, ABŞ və İran arasında münaqişənin yenidən kəskinləşməsi iyulun 8-də başlayıb. Vaşinqtonla Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İslam Respublikasının ərazisinə ardıcıl zərbələr endiriblər. Həmin gün Tramp İranla barışığın başa çatdığını elan edib. Cavab tədbirləri çərçivəsində Tehran ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən Yaxın Şərq obyektlərinə hücuma keçib. İyulun 24-də isə tərəflər qarşılıqlı zərbələri dayandırıblar.