İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Küveyt ərazisinə endirdiyi zərbələr nəticəsində 12 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yaralılar ölkənin müxtəlif bölgələrində yerləşən xəstəxanalara yerləşdiriliblər.
Məlumata görə, həmin gün SEPAH Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də Qətərdəki Əl-Udeyd aviabazasına və BƏƏ ilə Küveytdəki digər hərbi bazalara zərbələr endirib. Daha sonra SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni raket hücum dalğasının başladığını açıqlayıb.
İran pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Hücum nəticəsində hava limanı cüzi zərər görüb, bir neçə əməkdaş xəsarət alıb. T1 terminalı zədələnib. Hadisə yerində fövqəladə xidmətlər işləyir.
Xatırladaq ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı "Şir nəriltisi" adlı preventiv əməliyyata başladığını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon əməliyyatın "Epik qəzəb" adlandırıldığını bildirib.
Buna cavab olaraq İran İsrail istiqamətində onlarla ballistik raket buraxıb. İsrail Müdafiə Ordusu (SAXAL) buraxılışları təsdiqləyib. Həmçinin İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib və əməliyyatı "Doğru vəd 4" adlandırıb.