Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın agentliklə əməkdaşlığı dayandırması barədə kütləvi informasiya vasitələrində yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə BAEA-nın Mətbuat Xidmətinin rəhbəri Fredrik Dal bu barədə açıqlama verib.
O, İran mediasının İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın agentliklə əməkdaşlığın dayandırılması barədə qanunu imzaladığına dair məlumatı şərh edib.
"Biz müvafiq məlumatlardan xəbərdarıq. BAEA İrandan bu barədə əlavə rəsmi məlumat gözləyir", - deyə BAEA sözçüsü bəyan edib.
İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın dayandırılması haqqında fərman imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Sənədə əsasən, İranın nüvə obyektləri və nüvə alimlərinin təhlükəsizliyi təmin olunana qədər agentlik əməkdaşlarının ölkəyə girişinə qadağa qoyulacaq.
Qeyd edək ki, İran parlamentinin bəyanatına əsasən, bu məsələ ilə bağlı sonrakı addımlar İranın Ali Milli Təhlükəsizlik Şurasının razılığı ilə atılacaq.