İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nümayəndələri arasında danışıqlar yaxın günlərdə baş tuta bilər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik mətbuat konfransında çıxışı zamanı məlumat verib.
"Ola bilsin ki, yaxın günlərdə agentliklə danışıqların növbəti raundu baş tutsun", - deyə o bildirib.
İran rəsmiləri ilə BAEA nümayəndəsi arasında avqustun 11-də Tehranda keçirilən danışıqlardan sonra İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, tərəflər İranın nüvə proqramı üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Diplomat qeyd edib ki, BAEA baş direktorunun müavini Massimo Aparo ilə görüşdə mövcud şərtlərdə Tehranla agentlik arasında qarşılıqlı fəaliyyət formatı müzakirə olunub. Qəribabadi qeyd edib ki, İran tərəfi İsrail və ABŞ-nin İrana hücumu zamanı BAEA-nın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı etirazını ifadə edib.
İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin BAEA tərəfindən pislənməməsi İranda tənqid dalğasına və agentliyin rəhbərliyinə qarşı onun fəaliyyətinin siyasiləşdirilməsi ilə bağlı ittihamlara səbəb olub. İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb. İyulun 22-də İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, İran gələcəkdə agentliyin müfəttişlərinin öz ərazisinə qayıtma ehtimalını istisna etmir.