ABŞ zərbələri nəticəsində İranın bir sıra bölgələrində partlayışlar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, Qeşm adasında üç partlayış baş verib. Mərmilərdən biri yaşayış massivinə düşüb. Kiş adasında iki güclü partlayış qeydə alınıb. Məlumata görə, şəhər infrastrukturu və yaşayış obyektlərinə ziyan dəyməyib. İranın cənub-qərbində yerləşən Abadan şəhərinin bəzi rayonlarında da eyni hadisə yaşanıb. Hadisənin təfərrüatı açıqlanmır. İranın Buşehr əyalətində, Kazerun və Əhvaz şəhərləri də aviazərbələrə məruz qalıb. Xuzistan əyaləti qubernatorunun müavini bildirib ki, İranın cənub-qərbindəki Şadeqan şəhəri ABŞ tərəfindən raket hücumuna məruz qalıb.
"ABŞ şəhər ətrafındakı ərazilərə raket zərbəsi endirib", - deyə məlumatda qeyd olunub. Bundan öncə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Amerika hərbçilərinin islam respublikasına qarşı növbəti zərbələr seriyasına başladığını elan etmişdi.