Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
İran İsraillə birbaşa münaqişədə uğursuzluğa düçar olandan sonra növbəti zərbəni Suriyadan aldı. Bu baxımdan, rəsmi Tehran mövqelərini möhkəmləndirmək üçün yenə də müxtəlif üsullara əl atır. Əbəs deyil ki, molla rejiminin sonu yaxınlaşır deyə İranda hətta qeyri-məzhəbçilik idarəetmə sisteminə keçid də təklif olunur. Buna nümunə kimi, İranın tanınmış ayətullahlarından olan Nuri Həmədanın da bu mövzuya toxunaraq verdiyi açıqlamanı göstərmək olar. O, insanların artıq mollalara və onların idarəetməsinə inamının qalmadığını bildirib. Lakin İran teokratik dövlətdir deyə onun qeyri-dini sistemə necə keçəcəyi, bu sistemin necə idarə olunacağı da sual doğurur.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Elşad Musayev deyib ki, İran rəsmiləri bu uğursuzluğu ört-basdır etmək üçün ən rahat variant kimi Azərbaycanı hədəf seçirlər:
"Düzdür, onlar açıq-aşkar Türkiyə və İsrailin əleyhinə də bəyanatlar səsləndirirlər, amma əsasən, güclərini Azərbaycan üzərindən sınaqdan çıxarmaq istəyirlər. Açıq-aydın görünür ki, İranın daxilində xoşagəlməz proseslər gedir. Ona görə də bu vəziyyətdən çıxış yolu axtarırlar".
"Məlumdur ki, İranda rejimi saxlamaq üçün din amilindən istifadə edilir. Amma bu necə dini rejimdirsə, bütün islam ölkələri ilə düşmən münasibət sərgilənir. Hətta İranla eyni məzhəbin çoxluq təşkil etdiyi ölkələr də molla rejiminin əlindən çıxıb. Suriyadan qovuldular, Livanda İrana qarşı birmənalı olmayan münasibət başlayıb, İraqda da sözləri keçmir. Ona görə də bu proses rejimin dəyişməsi ilə nəticələnə bilər. Çünki bu cür rejimlərin ömrü uzağı 70 il çəkir. Ona görə də çox yaxşı haldır ki, artıq fars imperializmini həyata keçirmək üçün din amilindən istifadə edən İran rejiminin buna gücü çatmır. Dünya nizamı yenidən formalaşır və İranın daxilində də yeni nəsil belə bir sistemdə yaşamaq istəmir. Bu dəyişiklik İrandan da yan keçməyəcək", - deyə deputat əlavə edib.
Mərahim Nəsib