Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Netanyahu: "Tezliklə İsrail ordusunun təyyarələri Tehran səmasında görünəcək"
"İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri tezliklə Tehran səmasında peyda olacaq və İrandakı rejimin hər bir obyektinə və hədəfinə zərbə endirəcək".
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahu videomüraciət zamanı bildirib.
O əlavə edib ki, İsrailin endirdiyi zərbələr Tehranın nüvə proqramını "bir neçə il dala atıb"
"İsrail Hərbi Hava Qüvvələri İranın qərbində və xüsusilə Tehran bölgəsində hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq, paytaxt səmasında tam üstünlük qazanıb".
Oxu.Az-ın məlumatına görə, bunu İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə deyib.
Onun sözlərinə görə, ötən gecə ərzində İsrailə məxsus 70-dən çox döyüş təyyarəsi Tehrana zərbələr endirib, hücumlar zamanı müasir HHM sistemləri, buraxılış qurğuları və nəzarət mərkəzləri daxil olmaqla 40-dan artıq strateji hədəf məhv edilib.
"Tehrana yol açılıb. Biz raket və qabaqcıl müdafiə sistemləri, həmçinin əsas komanda məntəqələrini hədəfə alaraq onları sıradan çıxardıq. Artıq Tehran müdafiəsizdir. İranın paytaxtı İsrail zərbələri qarşısında qorunmur", - deyə general bildirib.
İranın qərbində yerləşən Lurestan vilayətinin Oştorinan şəhərindəki maşınqayırma zavodunda güclü partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İranın "Nournews" agentliyi xəbər yayıb.
Bildirilir ki, zavod İsrail tərəfindən hücuma məruz qalıb.
Ölən və xəsarət alanlar barədə məlumat hələ daxil olmayıb.
İsrail ordusu İranın bir neçə bölgəsinə növbəti hava zərbələri endirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsrailin "12-ci kanalı" yayıb.
Bildirilir ki, zərbələr əsasən İranın Luristan vilayətində yerləşən İmam Əli adına raket bazasına endirilib. Eyni zamanda, Kirmanşah vilayəti də hücumlara məruz qalıb.
İranın qərbində yerləşən Əsədabad şəhərində İsrailin hava zərbələri nəticəsində iki nəfərin həlak olduğu, beş nəfərin isə yaralandığı bildirilir.
Bundan əlavə, Təbriz şəhərinə də zərbələr endirilib. İsrail hücumu zamanı zərbələrin Təbriz neft emalı zavodunun ətrafındakı əraziyə tuş gəldiyi qeyd olunur.
İsrail İranın ərazisində nüvə proqramına qarşı əməliyyatın miqyasını genişləndirir.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail baş nazirinin müşaviri Dmitri Gendelman bildirib.
"Dəqiq kəşfiyyat məlumatları əsasında 10-larla əsas obyektə, o cümlədən ballistik raket qurğularına, hərbi bazalara və strateji infrastruktura zərbələr endirilib", - deyə o, "Telegram" kanalında yazıb.
İsrail Hərbi Hava Qüvvələri Tehranda yerləşən bir sıra obyektlərə - o cümlədən İrana məxsus hava hücumundan müdafiə (HHM) infrastrukturuna zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"Gecə ərzində İsrail Hərbi Hava Qüvvələri Tehranın ətrafında yerləşən onlarla hədəfə - o cümlədən "yer-hava" tipli raket sistemlərinin infrastrukturuna zərbələr endirib. Bu, İran rejiminin HHM imkanlarını zəiflətmək məqsədi daşıyır", - deyə açıqlamada bildirilir.
İsrail Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar da bildirib ki, ordu yüzlərlə hədəfə, o cümlədən onlarla "yer-hava" raket sisteminə zərbələr endirib və dəqiq zərbələrlə İsrailin İrandakı hava üstünlüyünü, həmçinin hərbi manevr imkanlarını genişləndirib.
"Müharibə başlayandan bəri ilk dəfədir ki, İsrail ərazisindən 1500 km-dən çox uzaqlıqda yerləşən Tehranda HHM sistemləri hədəf alınır", - deyə general əlavə edib.
O, İsrail Hərbi Hava Qüvvələrinin həm hücum, həm də müdafiə cəbhələrində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Digər tərəfdən, İranın "Tasnim" dövlət informasiya agentliyi Tehranın Mehrabad hava limanında baş verən partlayışın qırıcı təyyarələr üçün nəzərdə tutulmuş anqar yaxınlığında qeydə alındığını, lakin uçuş-enmə zolağı və infrastrukturun zərər görmədiyini bildirib.
İranın qərbində yerləşən Əsədabad rayonuna da zərbə endirilib. Ehtimal olunur ki, burada İsrailə atəş açmaq üçün istifadə olunan ballistik raket qurğuları yerləşir.
İsrail İranın qərbindəki eyniadlı vilayətin inzibati mərkəzi olan Həmədan şəhərinə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın xəbər agentliyi olan "Nournews" məlumat verib.
Bildirilib ki, vilayətin sözügedən ərazisində İranın "Nojax" hərbi bazası da İsrailin hücumuna məruz qalıb.
Bundan əlavə, İsrail ordusu İranın İsfahan şəhərində yerləşən Uran metal istehsalı zavodunun məhv edildiyini də bildirib.
İsrail Müdafiə Nazirliyi həmçinin zənginləşdirilmiş uranın təkrar emalı infrastrukturunun və laboratoriyanın məhv edildiyini də bildirib.
Bundan əlavə, İran ordusunun Zəncan vilayətindəki Mərkəzi Zirehli Briqadasının bazası da zərbəyə məruz qalıb.
Qeyd edilib ki, İsrail Hava Qüvvələri İrandakı hədəfləri vurmağa davam edir.
İranın nüvə obyektlərindən birinin yerləşdiyi İsfahan şəhərində güclü partlayış səsi eşidilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
"Tasnim" agentliyi xəbər verir ki, partlayış səsləri Tehranın şərqindəki Hakimiyyə və Tehranpars rayonlarında da eşidilib.
İyunun 13-nə keçən gecədən İsrail və İran bir-birinə zərbələr endirir və ölkələr bir-birinə qarşı "Yüksələn aslan" və "Əsl vəd 3" hərbi əməliyyatlarına başlayıblar.
IDF nüvə və hərbi obyektlərə, eləcə də yüksək rütbəli hərbçilərə hücum edib. İranda azı 78 nəfər ölüb, 320-dən çox insan yaralanıb.
Buna cavab olaraq İran İsrailə bir neçə dəfə raket zərbəsi endirib. Yaralıların sayı 60 nəfəri ötüb. Bir qadın ölüb.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"