İranın İordaniyadakı aviabazaya endirdiyi zərbə nəticəsində ABŞ-nin hərbi təyyarələri zədələnməyib.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "News Nation" telekanalına müsahibəsində deyib.
Çərşənbəyə keçən gecə İranın İordaniyadakı aviabazaya endirdiyi zərbələr nəticəsində ABŞ-nin bir neçə hərbi təyyarəsinin zədələndiyi bildirilirdi.
"Heç bir ziyan, heç nə yoxdur", - deyə Tramp bildirib.
Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit birləşməsi) nümayəndəsi bildirib ki, Aerokosmik Qüvvələr İordaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Müvəffəq-Səlti və Şahzadə Həsən aviabazalarına zərbələr endirib.
İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı krallığın hava hücumundan müdafiə sistemlərinin İranın 18 ballistik raketini dəf edərək vurduğunu, iki raketin isə insanların olmadığı ərazilərə düşdüyünü bəyan edib.
İordaniyadakı hərbi bazaya endirilən İran zərbələri nəticəsində ABŞ-nin bir neçə qırıcı təyyarəsi zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına əsasən, sentyabrın 9-na keçən gecə Müvəffəq Səlti aviabazasına endirilən zərbələr zamanı səkkizə yaxın "F-15" qırıcısı cüzi zədə alsa da, onlar artıq yenidən sıraya qaytarılıb.
"Qaban" adı ilə tanınan bir ədəd "A-10 Thunderbolt" hücum təyyarəsinə birbaşa zərbə dəyib və o, qanadını itirib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Zərbələr Birləşmiş Ştatların hərbi gəmisinə edilən hücuma cavab olaraq ABŞ hərbçilərinin beş İran tankerinə hücum etməsi barədə bəyanatından sonra endirilib. Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı raketlər və "Aegis" raket əleyhinə müdafiə sistemi ilə təchiz olunmuş "Delbert D. Black" və "John Paul Jones" esmineslərinə zərbələr endirdiyini bildirib.