Bağdadda “Miss İraq” müsabiqəsi başa çatıb.
Oxu.Az “Yahoo! News”a istinadən xəbər verir ki, 20 yaşlı Kirkuk şəhər sakini Şalma Əbdülrəhman müsabiqənin qalibi seçilib.
“Mən çox xoşbəxtəm ki, İraq inkişaf edir”, - Şalma Əbdülrəhman deyib. Onun fikrincə, müsabiqə sayəsində “bir çox iraqlının üzündə təbəssüm yaranıb”.
“Reuters”in məlumatına əsasən, müsabiqənin finalı oktyabrın 1-də Basrada keçirilməli idi, lakin iştirakçıların ünvanına gələn təhdidlər səbəbindən tədbir təxirə salınmışdı.
Müsabiqənin iki iştirakçısı “həyatları ilə risk etməkdən qorxaraq” finala gedən yolda yarışmadan imtina ediblər.
Buna baxmayaraq, müsabiqəyə İŞİD-in işğal etdiyi Mosul şəhəri də daxil olmaqla, bir çox bölgələrdən gözəl qızlar cəlb edilib.
Qeyd edək ki, İraq ilk və sonuncu dəfə “Kainat gözəli” müsabiqəsində 1972-ci ildə təmsil olunub. O vaxt ölkənin müsəlman icması müsabiqəni “Şeytan əməli” adlandıraraq gənc qızı mühakimə etmişdir. Bundan sonra İraq təmsilçiləri belə yarışlarda iştirak etməyiblər.