Suriyada PKK-ya yaxınlığı ilə seçilən kürd qruplaşması PYD-nin əlində olan Zormağara kəndi üç günlük müharibədən sonra “İraq və Şam İslam Dövləti” (İŞİD) yaraqlılarının əlinə keçib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, beləliklə, İŞİD gücləri Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunun sərhədinə qədər gəliblər. Kəndi ələ keçirən İŞİD gücləri ən yüksək nöqtəyə öz bayraqlarını asıblar.
Kənddən zaman-zaman atəş və partlayış səsləri gəlir. Bir qrup suriyalı isə Türkiyəyə keçmək üçün sərhəd nöqtəsinə yaxınlaşıb.
200-ə yaxın suriyalı türk əsgərlərə yaxınlaşaraq Türkiyəyə keçmək istədiklərini bildiriblər. Əsgərlər bu barədə yuxarı raport verərək, suriyalıları təhlükəsiz yerə keçiriblər.