“İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşması digər silahlı qruplaşmalarla üç gün apardığı şiddətli döyüşlərdən sonra Suriya-İraq sərhədində yerləşən Əbu Kamal şəhərini ələ keçirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Məlumata görə, İŞİD qüvvələri İraqdan gəlmiş əlavə silahlı dəstələrin köməyi ilə döyüşdə qələbə qazanmağa müvəffəq olub. “Əl Qaidə”nin Suriyadakı qolu sayılan “Cəbhət ən Nüsrə” qruplaşmasının silahlıları üzərində qələbə çalan İŞİD qüvvələri Deyr-əz-Zor əyalətində yerləşən Əbu Kamal şəhərini tam nəzarətə götürə biliblər.
Məlumata görə, döyüşlər hazırda Əbu Kamal şəhərindən 100 km şimalda, “Cəbhət ən Nüsrə” qruplaşmasının bazasının yerləşdiyi Şheyl şəhərində davam edir.
Qeyd edək ki, “Cəbhət ən Nüsrə” silahlılarının bir qismi Əbu Kamal şəhərində İŞİD-ə sadiq qalacağına and içərək bu qruplaşmaya qatılıb. “Cəbhət ən Nüsrə” qruplaşmasının İŞİD-ə qarşı çıxan üzvləri isə Suriya üsyançıları ilə birləşərək “işidçi”lərə qarşı açıq mübarizəyə qalxıblar.
Xatırladaq ki, 2014-cü ilin fevralında “Əl Qaidə” komandanlığı İŞİD qruplaşmasını dəstəkləməkdən imtina edərək “Cəbhət ən Nüsrə” qruplaşmasını bölgədəki rəsmi qolu elan edib. Suriyada İŞİD və digər müxalif qruplaşmalar arasında qarşıdurma məhz bundan sonra başlayıb.
İŞİD terror qruplaşmasının yaraqlıları öz sıralarına azyaşlı uşaqları qəbul edərək onlara 200 dollar maaş da verirlər.
ANS PRESS-in xəbərinə görə, “İŞİD qüvvələri döyüşlər zamanı hələ heç 8 yaşı belə olmayan uşaqlardan istifadə ediblər. Bu uşaqlarda onlarla vuruşan böyüklər kimi 35 000 Suriya funtu (200 dollar) müavinət alır, eləcə də cihad döyüşçüləri kimi hərbi və ideoloji hazırlıqdan keçirlər” deyə BMT-nin açıqlamasında bildirilir.
Sənəddə həmçinin qeyd edilir ki, İŞİD-dən əlavə “ASO” və Kürd milli özünüqoruma dəstələri adlanan “Axrar aş-Şam”, “Cəbhət ən Nüsrə” və s. ekstremist qüvvələr azyaşlıları öz cərgələrinə cəlb edirlər.
Hazırda Suriya dünyada uşaqlar üçün ən təhlükəli yerlərdən biri olaraq qalır. BMT-nin hesablamalarına görə, hökumət və üsyançılar arasında üç illik münaqişə zamanı 10 000-dən çox uşaq həyatını itirib.