İslandiya rəhbərliyi Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında iştirak etməməyə qərar verib.
Oxu.Az xəbər verir ki, bu barədə Islandiya hökumətinin rəsmi internet səhifəsində məlumat dərc olunub.
“İslandiyanın yaxın müttəfiqləri və tərəfdaşları Solsberidə baş vermiş hücumdan sonra Rusiyaya qarşı ölçülər qəbul edib. Belə ölçülər arasında Rusiya hakimiyyəti ilə bütün dialoqların müvəqqəti olaraq dayandırılması yer alır. Bununla əlaqədar İslandiya liderləri bu yay Rusiyada keçiriləcək dünya çempionatına yollanmamağa qərar verib” deyə bəyanatda deyilir.
Belə bir qərar Britaniyada keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqal fonunda qəbul olunub.
Serqey Skripal, qızı ilə birgə martın 4-də Solsberi şəhərində huşsuz vəziyyətdə aşkarlanıb. Sonradan onların sinir sistemini iflic edən kimyəvi maddə ilə zəhərləndikləri ortaya çıxıb.
London keçmiş polkovnikin zəhərlənməsində Rusiya hökumətinin əlinin olduğunu iddia edir. Moskva bu ittihamları qəti şəkildə rədd edir.
Rəylər