Bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərində üçmərtəbəli kauçuk istehsalı fabrikində naməlum səbəbdən yanğın baş verib. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər yayıb.
Yanğın başlayanda bəzi fəhlələr vaxtında qaçaraq canlarını qurtara bilsələr də, üç nəfər çıxa bilməyib və binanın damında kömək gözləmək məcburiyyətində qalıb.
Qısa müddətdə hadisə yerinə çatan xilasedicilər yanğını söndürmək üçün əməliyyata başlayıb. Onlar eyni zamanda köməksiz vəziyyətdə qalan işçiləri də xilas ediblər.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Polis əməkdaşları da yanğın bölgəsinin təhlükəsizliyini təmin etmək üçün ərazini nəzarətə götürüb. Hazırda yanğın nəzarətə alınıb.
Bildirilir ki, fabrikdən qalxan qatı tüstü şəhərin bir çox yerindən görünür.