Çeçen Respublikasının prezidenti Ramzan Kadırov bazar günü, yanvarın 4-də Rusiya Silahlı Qüvvələrinin Ali Baş komandanı Vladimir Putin tərəfindən əmr verildiyi və “Rusiya üçün lazım olduğu təqdirdə” Donbasa (Ukrayna ərazisi, hazırda həmin ərazidə separatçılar və hökumət qoşunları arasında qarşıdurma davam edir - red.) yola düşməyə hazır olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, beləliklə, “İnterfaks” agentliyinə müsahibə verən Kadırov Ukraynanın şərqinə könüllü yollanmağa hazır olduğu barədə dekabr bəyanatını belə şərh edib.
Çeçen prezidenti vurğulayıb ki, boşuna bəyanatlar və yerinə yetirə bilməyəcəyi vədlər vermir:
“Mən heç zaman edə bilməyəcəyim və yerinə yetirmək iqtidarında olmadığım sözü demərəm”.
O, hamıya sözlərinə “ciddi yanaşmağı” məsləhət görüb.
Kadırov İraq və Suriyada “İslam dövləti”nin (İŞİD) tərkibində döyüşən yaraqlılar hesabına Rusiyadakı quldur dəstələrinin sayının artacağı barədə təhdidlərlə bağlı sualı belə cavablandırıb:
“Belə qorxu yoxdur. Və biz əbəs yerə özümüzü müxtəlif İŞİD-lərlə qorxuduruq”.