İraqda məhkəmə neft oğurluğu və qaçaqmalçılığı ilə bağlı istintaq çərçivəsində polis əməkdaşlarının nəzarət altına alınması ilə bağlı qərar qəbul edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurasından məlumat verilib.
"İlkin məlumatlar boru kəmərindən neft qaçaqmalçılığına işarə edir. Bununla əlaqədar olaraq, bu iş üzrə təqsirləndirilən şəxslərdən birinin, eləcə də neft kəmərinin qorunmasına cavabdeh olan Enerji Polisi Baş İdarəsinin əməkdaşlarının saxlanılması barədə qərar qəbul edilib", - deyə açıqlamada bildirilib.
Saxlanılan polis əməkdaşlarının dəqiq sayı isə göstərilmir.
Məhkəmə orqanının xəbərinə görə, istintaq Di-Kar və Bəsrə əyalətlərinin inzibati sərhədində zədələnmiş neft kəmərində yoxlama aparıb. İlkin olaraq müəyyən edib ki, mütəşəkkil dəstənin üzvləri borunu kəsərək əldə etdikləri nefti avtosisternlərə yükləyərək ölkənin digər bölgələrinə göndəriblər.
Qeyd edilir ki, daha əvvəl oxşar hadisələr İraqın digər əyalətlərində də qeydə alınıb.