Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kaliforniyada yanğınlarla mübarizəyə yüzlərlə məhbus cəlb edildi
ABŞ-nin Kaliforniya ştatının hakimiyyəti ştatdakı meşə yanğınları ilə mübarizə üçün 395 məhbusu səfərbər edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Washington Post" qəzeti Kaliforniya İslah və Reabilitasiya Departamentinə istinadən məlumat yayıb.
Bildirilir ki, Kaliforniya yanğınsöndürmə xidmətinin 2000 əməkdaşı ilə yanaşı, hakimiyyət məhbuslardan ibarət 29 briqada göndərib. Bunun üçün əsasən kiçik cinayətlər törətmiş şəxslər cəlb edilib.
Finlandiyanın Baş Konsulluğu və Los-Ancelesdəki digər bir neçə ölkənin konsulluqları Kaliforniya ştatında davam edən meşə yanğınları səbəbindən təxliyə edilib.
Oxu.Az-ın "Iltalehti" qəzetinə istinadla verdiyi məlumata görə, bu barədə Finlandiyanın baş konsulu Okko-Pekka Salmimies məlumat verib.
"Hazırda ofis təxliyə zonasından və ya xəbərdarlıq zonasından kənardadır, lakin mülk sahibi binanı bağlanaq qərarı verib. Eyni binada bir neçə konsulluq, xüsusilə Xorvatiya, Macarıstan və Rumıniya konsulluqları yerləşir və onların hamısı binanı tərk etməli olub", - deyə o bildirib.
ABŞ Prezidenti Co Bayden Kaliforniyada tüğyan edən güclü yanğınlar səbəbindən ştatda genişmiqyaslı fəlakət rejimi elan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ağ Evin saytında bəyan edilib.
Bildirilir ki, prezidentin qərarı ilə Los-Ancelesdə zərərçəkmiş şəxslərə maliyyə imkanları yaradılacaq.
"Zərərçəkənlər müvəqqəti yaşayış yerləri üçün və evlərinin təmirinə qrantlar ala, sığortalanmamış əmlakın zərərini ödəmək üçün aşağı faizli kreditlər götürə, həmçinin digər proqramlardan yararlana biləcəklər", - deyə məlumatda vurğulanıb.
ABŞ-nin Los-Anceles dairəsində (Kaliforniya ştatı) baş verən yanğınlarda ölənlərin sayı beş nəfərə çatıb.
Oxu.Az-ın ABC telekanalına istinadla məlumatına görə, bu barədə regionun hüquq mühafizə orqanından bildirilib.
Kaliforniya Yanğın Xidməti yanğınların ümumi sahəsinin 10 min hektarı keçdiyini və daha da artmaqda davam etdiyi barədə xəbərdarlıq edib.
Alov 1000-dən çox binanı məhv edib. "AccuWeather" konsultasiya şirkətinin proqnozlarına görə, yanğından dəyən ziyan və iqtisadi itkilər 52 milyard dollardan 57 milyard dollara qədər təşkil edəcək.
Alovla təxminən 1.5 min yanğınsöndürən mübarizə aparır. Yerli hakimiyyət qonşu dairələrdən yanğınsöndürənlərin köməyini istəyib, həmçinin Vaşinqton, Oreqon və Nevada ştatlarından təcili yardım əməkdaşları göndərilib. Lakin üç yanğından heç birini hələ lokallaşdırmaq mümkün olmayıb. Yanğın ərazilərində güclü külək əsməsi ilə müşayiət olunan aşağı rütubət qalmaqdadır.
Xatırladaq ki, bir gün əvvəl ABŞ-nin Los-Anceles regionunda meşə yanğınları başlayıb. Təbii fəlakətlə əlaqədar təxminən 100 min insan təxliyə olunub. Məhv olan binalar arasında Hollivud ulduzlarının malikanələri də var, həmçinin "Hollywood" embleminin olduğu təpə də alovlar içindədir.
Rəylər