ABŞ-də "Uber" sürücüsü Conatan Rinderknext yanvarın əvvəlində Los-Anceles tarixində ən böyük yanğını törətməkdə şübhəli bilinərək həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
İstintaq müəyyən edib ki, Rinderknext müştərisini düşürdükdən sonra "Hidden Buddha" yaxınlığındakı bitkiləri alışqanla yandırıb.

Hadisəni görən şahidlər alovu dərhal söndürsələr də, ocaq gizli şəkildə közərməyə davam edib və bir müddət sonra yenidən şiddətlənərək Palisades yanğınına çevrilib.
Şübhəlinin kompüterində neyroşəbəkə tərəfindən yaradılmış yanan şəhər təsviri aşkarlanıb. Məlum olub ki, Rinderknext yanğınların nəticələrini öyrənmək üçün süni intellektdən istifadə edib. Onun sorğuları və GPS məlumatları istintaq üçün əsas sübutlara çevrilib.
O, Florida ştatının Melburn şəhərindəki evinin yaxınlığında saxlanılıb. Hazırda iş Orlandodakı ABŞ Dairə Məhkəməsinə göndərilib. Rinderknext yanğın törətmə yolu ilə əmlakı qəsdən məhv etməkdə ittiham olunur. Bu cinayətə görə federal həbsxanada minimum beş il məcburi azadlıqdan məhrumetmə və ya 20 ilədək cəza nəzərdə tutulur.
Xatırladaq ki, "Santa-Ana" küləklərinin təsiri ilə daha da genişlənən yanğın Los-Anceles əyalətinin Pasifik Palisades, Topanqa və Malibu bölgələrində 11 500 hektardan çox ərazini əhatə edib, ən azı 6837 tikili məhv olub və 12 nəfər həyatını itirib.