Kamçatkanın bir neçə yaşayış məntəqəsində zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən məlumat verilib.
"Kamçatka diyarının qubernatorunun sərəncamına uyğun olaraq, Kamçatkanın fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə vahid dövlət sisteminin ərazi altsistemi qüvvə və vasitələri üçün, eləcə də bina və tikililərin vəziyyətinin qiymətləndirilməsi zərurəti səbəbindən 30 iyul 2025-ci ildə baş vermiş güclü seysmik hadisə ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Kamçatkada avqustun 15-də hiss olunan dərəcədə afterşok qeydə alınıb. Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, zəlzələnin gücü 6.5 bal olub. Seysmik hadisənin episentri Petropavlovskdan 97 km məsafədə, 48 km dərinlikdə yerləşib. Bir çox sakin qorxu içində küçəyə çıxıb, mebellər silkələnib.