Kanadanın Baş naziri Mark Karni ölkəsinin Ukraynanın hava hücumundan müdafiəsi üçün tutucu raketlərin alınmasına 350 milyon Kanada dolları (253 milyon ABŞ dolları) ayıracağını bəyan edib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Karni Kalqaridə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən mətbuat konfransında bildirib.
Karni tutucu raketlərin tədarükünün ABŞ-nin "Jump Start" mexanizmi vasitəsilə həyata keçiriləcəyini qeyd edib.
"350 milyon dollar dəyərində olan bu avadanlıq paketi Ukrayna xalqını, onun infrastrukturunu və hava məkanını qorumağa kömək edəcək", - deyə Kanadanın baş naziri bəyan edib.
Bundan əlavə, Karni Kanadanın dron istehsalını artırmağı planlaşdırdığını açıqlayıb. İki il ərzində ölkə istehsal həcmini milyonlarla ədədə çatdırmağı planlaşdırır və istehsal olunan pilotsuz uçuş aparatlarının üçdə birini Ukrayna Müdafiə Qüvvələrinə təhvil verməyi öhdəsinə götürür.
Həmçinin Kanada hökumətinin başçısı pilotsuz sistemlərin istehsalı sahəsində Ukrayna ilə əməkdaşlığın möhkəmləndirilməsini bəyan edib.
"Dövlətlərarası səviyyədə Kanada və Ukrayna sizin döyüş təcrübənizi Kanadanın istehsal proqram təminatı və süni intellekti ilə birləşdirərək, pilotsuz sistemlərin, dronlara qarşı mübarizə texnologiyalarının və prioritet döyüş sursatlarının birgə istehsalı üçün uzunmüddətli tərəfdaşlıq qururlar", - deyə Karni bildirib.