Keniyanın Samburu dairəsində turist helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olanların hamısı həlak olub.
Oxu.Az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, hava gəmisində yeddi turist olub. Lakin aviasiya idarəsinin rəsmi nümayəndəsi ölənlərin dəqiq sayını və hələlik məlum olmayan vətəndaşlıqlarını açıqlamaqdan imtina edib.
Faciə paytaxt Nayrobidən təxminən 350 kilometr məsafədə, Ololokve dağı ərazisində baş verib. Helikopter Samburu Milli Qoruğundan keçən Evaso-Nyiro çayına doğru hərəkət edirmiş.
Şahidlərin sözlərinə görə, helikopter dərin dağ dərəsinə doğru sürətlə eniş edib, daha sonra yerə çırpılaraq alovlanıb. Mürəkkəb relyef şəraiti və davam edən yanğın səbəbindən hadisə yerində xilasetmə işləri çətinləşib. Qəzanın başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bu, Keniyada cari ildə baş verən ilk aviasiya qəzası deyil. Martın 1-də ölkənin qərbində helikopter qəzası nəticəsində altı nəfər, o cümlədən parlamentin bir deputatı həlak olmuşdu.
Keniyanın Samburu dairəsində göyərtəsində yeddi nəfər turistin olduğu helikopter qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Star" nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, hadisə Ololokve dağının ətəyində, Kiriş yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb.
Hadisə şahidləri qəza bölgəsində yanğın və qatı tüstü müşahidə etdiklərini bildiriblər. Yerli əhali və xilasedicilər əraziyə cəlb olunsalar da, mürəkkəb dağ relyefi axtarış tədbirlərinə maneə yaradır.
Sərnişinlərin hansı ölkənin vətəndaşları olması barədə polis tərəfindən hələlik rəsmi məlumat verilməyib.
Helikopterin düşmə səbəbləri öyrənilir. Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə əraziyə əlavə bir helikopter göndərilib.