ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir.
Oxu.Az-ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib.
Qeyd edək ki, 7-11 sentyabrda Çecu adasının cənub və şərqindəki beynəlxalq sularda ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi təlimləri baş tutub. Üçtərəfli hərbi-dəniz manevrləri çərçivəsində müttəfiqlər sualtı qayıqlara, gəmilərə və hava hədəflərinə qarşı əməliyyatları sınaqdan keçiriblər.
"Xarici qüvvələrin milli təhlükəsizliyimizə yaratdığı təhdidlərin artması bizi nüvə gücümüzü davamlı və adekvat şəkildə artırmağa məcbur edir", - deyə Kim Çen Inın bacısı vurğulayıb. O qeyd edib ki, KXDR-in müdafiə potensialının gücləndirilməsi prosesində heç bir dəyişiklik yaşanmayacaq.
"Freedom Edge" təlimlərindən sonra Pxenyan Vaşinqtonu münaqişəni qızışdırmaqda günahlandırıb. Şimali Koreya tərəfi Amerikanın "hərbi oyunlarına" cavab olaraq daha sərt tədbirlərin görülə biləcəyi barədə xəbərdarlıq edib.
Kim Yo Çjon əlavə edib ki, ABŞ-nin rəhbərliyi altında keçirilən müntəzəm hərbi təlimlər həm Koreya yarımadasında, həm də bütövlükdə regionda vəziyyətin gərginləşməsinə səbəb olan əsas amildir.