Şimali Koreya (KXDR) Avropa İttifaqı (Aİ) tərəfindən BMT Baş Assambleyasının Üçüncü Komitəsinə təqdim edilən və xalq respublikasında insan hüquqlarının vəziyyətinə dair qətnamə layihəsini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirərək qəti şəkildə rədd edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) yaydığı KXDR-in BMT yanındakı daimi nümayəndəliyinin bəyanatında bildirilir.
"KXDR-in BMT yanındakı daimi nümayəndəliyi Aİ-nin qətnamə layihəsini dövlətlərin suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərini təsbit edən BMT Nizamnaməsinə tamamilə zidd olan qanunsuz və düşmən sənəd kimi dəyərləndirir, onu qətiyyətlə pisləyir və qəbul etmir", - deyə bəyanatda vurğulanır.
Nümayəndəlik qeyd edib ki, Avropa İttifaqı ardıcıl 20 ildən çoxdur ki, oxşar təşəbbüslərlə çıxış edir və bunun arxasında duran əsas məqsəd insan hüquqlarının müdafiəsi bəhanəsi ilə Şimali Koreyanın dövlət quruluşunu gözdən salmaqdır. Həmçinin diplomatlar Aİ-ni ikili standartlar tətbiq etməkdə günahlandırıblar. Onlar Avropa ölkələrindəki etiraz aksiyalarına və polisin nümayişçilərə qarşı hərəkətlərinə diqqət çəkərək, Brüsselin ilk növbədə özünün hüquq müdafiəsi sahəsindəki problemlərini həll etməli olduğunu bildiriblər.
"İnsan haqları heç də Qərbin inhisarında deyil. Heç kim Aİ-yə öz ikili standartları əsasında digər ölkələrdəki insan hüquqları ilə bağlı vəziyyəti əsassız olaraq qiymətləndirmək səlahiyyəti verməyib", - deyə daimi nümayəndəlikdən əlavə edilib. Qurumdan o da bildirilib ki, KXDR öz əhalisinin ləyaqətini, hüquqlarını və mənafelərini müdafiə etməyə davam edəcək.