ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkinin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasəti baxımından yeni suallar doğurur. Konqresdə erməni lobbisi ilə əməkdaşlıq edən siyasətçilərin mövqelərinin möhkəmlənməsi, onların bir qisminin Senata seçilməsi və 907-ci düzəlişin yenidən siyasi müzakirələrin mərkəzinə gətirilməsi ehtimalı Azərbaycan-ABŞ münasibətləri üçün diqqətlə izlənilməli proseslərdəndir. ABŞ-də keçirilmiş aralıq seçki yalnız ölkənin daxili siyasi qüvvələr balansına təsir göstərmir. Seçkinin nəticələri Vaşinqtonun xarici siyasətində, o cümlədən Cənubi Qafqaza münasibətində yeni siyasi dinamika yarada bilər.
İlkin nəticələr göstərir ki, erməni diaspor təşkilatlarının dəstəklədiyi çox sayda namizəd Konqresə seçilməyi bacarıb. Bu isə Azərbaycanın ABŞ ilə münasibətlərində uzun illər müzakirə mövzusu olmuş məsələlərin yenidən gündəmə gətirilməsi baxımından əhəmiyyətlidir. Amerikanın Erməni Milli Komitəsi (ANCA) noyabrın 5-də yaydığı açıqlamada dəstəklədiyi namizədlərin nəticələrini öz siyasi fəaliyyəti üçün uğur kimi təqdim edib. Təşkilatın məlumatına görə, nəticəsi müəyyənləşmiş seçki yarışlarında dəstəklədiyi namizədlərin təxminən 90 faizi qalib gəlib. Senata dəstəklədiyi yeddi namizədin hamısı seçilib.
Bununla belə, həmin göstəricilər Konqresdə ermənipərəst qanunvericilərin ümumi sayının eyni nisbətdə artdığını ifadə etmir. Namizədlərin bir çoxu artıq Konqres üzvü idi. Əsas diqqət çəkən məqam onların mövqelərini qoruması və bəzi siyasətçilərin daha təsirli qanunverici platformalara keçməsidir.
Erməni lobbisinin Konqresdə mövqeləri
Seçkinin nəticələri ilə bağlı Ermənistan Assambleyasının açıqlaması da diqqət çəkir. Təşkilatın noyabrın 5-nə olan məlumatına əsasən, Nümayəndələr Palatasındakı erməni məsələləri üzrə qrupun yenidən seçilməyə çalışan 92 üzvündən 76-sı artıq qələbə qazanıb, 11 seçki dairəsində isə nəticələr hələ dəqiqləşməyib.
Konqresdə erməni məsələləri üzrə qrupun tanınmış üzvləri Frank Pallone, Gus Bilirakis və Brad Şerman yenidən seçiliblər. Xüsusilə Kris Pappasın Nyu-Hempşir ştatından Senata seçilməsi diqqət çəkir. O, əvvəlki fəaliyyətində Azərbaycana münasibətdə məhdudlaşdırıcı təşəbbüsləri, o cümlədən 907-ci düzəlişin tətbiqini dəstəkləyib. Miçiqan ştatında Abdul El-Sayedin Senata seçilməsi də erməni diaspor təşkilatlarının xüsusi vurğuladığı nəticələrdəndir. O, seçki kampaniyası zamanı ABŞ-nin Azərbaycana hərbi yardım siyasətini tənqid edib.
Bu nəticələr erməni lobbisinin Konqres daxilində əlaqələrini qoruduğunu və bəzi istiqamətlərdə genişləndirdiyini göstərir. Lakin məsələnin daha mühüm tərəfi həmin siyasətçilərin gələcək qanunvericilik təşəbbüslərində hansı mövqedən çıxış edəcəkləridir.
907-ci düzəliş yenidən gündəmə qayıda bilərmi?
Azərbaycan üçün əsas həssas məsələlərdən biri 1992-ci ildə qəbul edilmiş Azadlığa Dəstək Aktının 907-ci düzəlişidir. Bu müddəa ABŞ-nin Azərbaycan hökumətinə müəyyən birbaşa yardım formalarını məhdudlaşdırır. 2002-ci ildən etibarən ABŞ prezidentlərinə müəyyən şərtlər daxilində həmin məhdudiyyətin tətbiqini müvəqqəti dayandırmaq səlahiyyəti verilib. Prezident Donald Tramp 2025-ci ilin avqustunda müvafiq qərar imzalayıb. 2026-cı ilin avqustunda isə ABŞ Dövlət Departamenti istisnanın müddətinin uzadılması barədə Konqresi məlumatlandırıb.
Lakin vurğulamaq yerinə düşər ki, 907-ci düzəlişin özü ləğv edilməyib.
Məhz bu hüquqi məqam erməni diaspor təşkilatlarının gələcək fəaliyyətində xüsusi əhəmiyyət daşıyır.
Ermənistan Assambleyası artıq bəyan edib ki, yeni Konqresdə prioritetlərindən biri 907-ci düzəlişin tətbiqinin təmin olunması olacaq. ANCA da Tramp administrasiyasının Azərbaycana hərbi yardımla bağlı qərarları üzərində Konqres nəzarətinin artırılmasını gündəliyinə daxil edib.
Bu isə məsələnin yalnız nəzəri ehtimal olmadığını, konkret lobbiçilik gündəliyinə çevrildiyini göstərir. Yeni Konqresdə Azərbaycana hərbi yardım, ikitərəfli təhlükəsizlik əməkdaşlığı və regional layihələrlə bağlı əlavə dinləmələrin, sorğuların və qanunvericilik təşəbbüslərinin irəli sürülməsi mümkündür. Lakin belə təşəbbüslərin qəbul ediləcəyi və ya ABŞ Administrasiyasının Azərbaycan siyasətini dəyişdirəcəyi indidən qəti şəkildə söylənilə bilməz.
Seçkinin nəticələri Vaşinqtondakı siyasi balansı dəyişir
ABŞ-dəki aralıq seçkinin nəticələrinə yalnız erməni lobbisinin fəaliyyəti prizmasından baxmaq düzgün olmazdı. Seçkidə iqtisadi vəziyyət, yaşayış xərcləri, xarici siyasət qərarları və seçicilərin hakimiyyətə münasibəti mühüm rol oynayıb.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens də seçkidən sonra Respublikaçılar Partiyasının məğlubiyyətinin səbəbləri barədə danışarkən Administrasiyanın bəzi siyasi qərarlarına və seçicilərin narazılığına diqqət çəkib. Bu proseslər Konqreslə Ağ Ev arasında yeni siyasi münasibətlərin formalaşmasına təsir göstərir. Demokratların hər iki palatada çoxluq əldə etməsi Administrasiyanın xarici siyasət qərarları üzərində parlament nəzarətinin güclənməsi üçün imkan yaradır.
Azərbaycan baxımından mühüm məqam odur ki, Konqresdəki yeni qüvvələr balansı erməni diaspor təşkilatlarına öz təşəbbüslərini daha fəal şəkildə irəli sürmək üçün əlavə siyasi platforma verə bilər.
Azərbaycan-ABŞ münasibətləri yeni mərhələdə
Son dövrdə Bakı ilə Vaşinqton arasında münasibətlərdə müsbət dinamika müşahidə olunur. Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında formalaşmış siyasi dialoq, regional nəqliyyat və iqtisadi əməkdaşlıq məsələləri, həmçinin 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı qərarlar ikitərəfli əlaqələr və qarşılıqlı etimad formulu üçün mühüm əhəmiyyət daşıyır. Lakin ABŞ-nin siyasi sistemi yalnız Prezident Administrasiyasından ibarət deyil. Konqres büdcə, xarici yardım, sanksiyalar və xarici siyasətə parlament nəzarəti məsələlərində geniş səlahiyyətlərə malikdir. Bu səbəbdən Ağ Evlə münasibətlərdə müsbət dinamikanın mövcudluğu Konqresdə Azərbaycana qarşı təşəbbüslərin tamamilə aradan qalxması demək deyil.
Digər tərəfdən, erməni diaspor təşkilatlarının dəstəklədiyi hər bir konqresmenin bütün məsələlərdə eyni mövqe tutacağını düşünmək də düzgün olmazdı. ABŞ qanunvericilərinin qərarlarına partiya mövqeləri, seçki dairələrinin maraqları, milli təhlükəsizlik və Vaşinqtonun strateji prioritetləri də təsir göstərir.
Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi baxımından əsas məsələ ikitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və Konqresdə ölkəmizlə bağlı qərarların obyektiv məlumatlar əsasında qəbul edilməsidir.
Nəticə: Yeni Konqres, köhnə məsələlər
ABŞ-də keçirilmiş seçkinin nəticələri göstərir ki, erməni diaspor təşkilatları Vaşinqtondakı siyasi təsir imkanlarını qorumaqda davam edirlər. Erməni məsələləri üzrə Konqres qrupunun çox sayda üzvünün yenidən seçilməsi, bəzi siyasətçilərin Senata keçməsi və 907-ci düzəlişin açıq şəkildə lobbiçilik gündəliyinə daxil edilməsi Azərbaycan üçün diqqətə alınmalı faktlardır.
Əsas sual isə bundan ibarətdir: Yeni Konqres ABŞ-nin Cənubi Qafqazdakı strateji maraqlarına üstünlük verəcək, yoxsa ayrı-ayrı siyasi qrupların təşəbbüsləri Vaşinqtonun regional siyasətində əlavə ziddiyyətlər yaradacaq?
Bu suala cavabı yeni Konqresin fəaliyyəti göstərəcək.
Bir məqam isə artıq aydındır: 907-ci düzəliş və Azərbaycana qarşı əvvəlki illərdə irəli sürülmüş məhdudlaşdırıcı təşəbbüslər yenidən siyasi gündəmə çıxarıla bilər. Azərbaycanla ABŞ arasında inkişaf edən münasibətlərin davamlılığı da məhz belə məsələlərin necə idarə edilməsindən asılı olacaq.
Aqil Vəlili