Kipr polisi rusiyalı milyarder Roman Abramoviçin maliyyə və vergi əməliyyatları ilə bağlı genişmiqyaslı araşdırmaya start verib.
Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kipr polisinin rəsmisi parlamentinin komitə iclasında bəyanat verib.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları oliqarxın 2003-2006-cı illəri əhatə edən maliyyə fəaliyyətini öyrənirlər.
Müstəqil təhqiqat "The Guardian", Təhqiqatçı Jurnalistika Bürosu (Bureau of Investigative Journalism) və BBC tərəfindən həyata keçirilib. Araşdırmalar nəticəsində məlum olub ki, Abramoviçin köməkçiləri - xüsusilə "Deloitte" beynəlxalq audit firmasının Kipr bölməsinin əməkdaşları onun offşor biznes imperiyasının strukturunu gizlətmək üçün sənədləri saxtalaşdırıblar.
Məlumata görə, aktivlərə aid əsas sənədlərin keçmiş tarixlə rəsmiləşdirilməsi Abramoviçə məxsus şirkətlərə iri məbləğdə vergilərdən yayınmağa və var-dövləti gizlətməyə şərait yaradıb.
Kiprin Cinayətkarlıqla Mübarizə Departamentinin direktor müavini Andreas Anastasiadis bildirib ki, polis sübutların toplanmasına başlayıb və prosesin təxminən 6 ay davam edəcəyi gözlənilir.