"Real Madrid"in və Belçika milli komandasının qapıçısı Tibo Kurtua karyerasının ilk illərinə aid dəyərli bir xatirəni kolleksiyasına qaytarıb.
Oxu.Az bu barədə "Çempionat"a istinadən xəbər verir.
Belçikalı azarkeş Stef Yakobs cəmi 13 yaşı olarkən onlayn hərracdan "Genk"in gənc qapıçısı Kurtuanın matçların birində geyindiyi formanı satın alıb. Ötən 16 il ərzində Stef bu formanı göz bəbəyi kimi qoruyub saxlayıb.
Bu yaxınlarda azarkeş formanı qazanc əldə etməkdən daha çox, onun hazırkı dəyərini öyrənmək marağı ilə yenidən onlayn platformaya yerləşdirib. Qəfildən ona "Tibo Kurtua" adlı istifadəçidən müraciətlər gəlməyə başlayıb. Əvvəlcə bunun zarafat olduğunu düşünən Stef "Genk" klubunda çalışan və qapıçı ilə əlaqə saxlayan həmkarı vasitəsilə məsələni dəqiqləşdirib. Məlum olub ki, müraciət edən həqiqətən də dünya ulduzunun özüdür.
"Tibo bu köhnə formanı öz şəxsi kolleksiyasına qaytarmağı çox istəyirdi", - deyə klub əməkdaşı bildirib.
Nəticədə Kurtua Stefi Madridə, "Santyaqo Bernabeu" stadionunda keçirilən Çempionlar Liqası matçına dəvət edib. Onunla şəxsən görüşən qapıçı köhnə formasını təhvil alıb, əvəzində azarkeşə öz imzası olan yeni "Real Madrid" formasını hədiyyə edib.
Kurtua sosial şəbəkə hesabında 16 illik formanı nümayiş etdirərək məhz "Genk"dəki debüt mövsümünə aid bu formanın onun şəxsi kolleksiyasında çatışmayan son parça olduğunu vurğulayıb.
