"Çelsi" futbol klubunun keçmiş sahibi, rusiyalı milyarder Roman Abramoviç "Deloitte" audit şirkətinin və "MeritServus" korporativ xidmətlər firmasının iştirakı ilə vergiləri ödəməkdən boyun qaçırmaqda şübhəli bilinir.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Çox sayda sənədə əsaslanan təhqiqatın nəticələrinə əsasən, 2006-cı ildə "Amiscan Investments" şirkətinin mülkiyyətində olan aktivlər (Qərbi Sasseksdəki (İngiltərə) malikanə, Londondakı mənzil, Fransanın cənubundakı mülk, həmçinin şəxsi təyyarə, helikopter və "Pelorus" yaxtası) Britaniyanın Vircin adalarında qeydiyyatda olan əsas şirkətə ötürülüb. Bu əməliyyata dair sənədlər isə keçmiş tarixlə - 2003-cü illə rəsmiləşdirilib.
"Deloitte Cyprus" sənədləşməni yoxlayaraq, 672 milyon dollarlıq aktivin gizlədildiyi maliyyə hesabatını təsdiq edib. Araşdırma, eyni zamanda, "Kravin Investments" (Kipr hesablarında 2 milyard dollara yaxın vəsait) və "Electus Investments" (Abramoviçə məxsus 10 milyard dollardan çox biznes aktivi) şirkətlərinə də aiddir.
İddiaya görə, Kiprdə faiz gəlirlərindən tutulan vergidən azad olmaq üçün həmin şirkətlərə aid sənədlərin tarixləri sonradan dəyişdirilib.
Qeyd edək ki, hazırda Türkiyədə məskunlaşdığı güman edilən Abramoviç Britaniyanın Cersi adasında aparılan cinayət araşdırmasında əsas şübhəlilərdən biridir. Orada rusiyalı iş adamının 7.1 milyard dollarlıq aktivi dondurulub. Abramoviçin vəkilləri isə bu ittihamları təkzib edərək, onun şirkətlərin gündəlik idarəolunmasında iştirak etmədiyini və sənəd saxtakarlığına icazə vermədiyini vurğulayırlar.
"Deloitte Cyprus" şirkəti qanunvericiliyə tam uyğun fəaliyyət göstərdiyini açıqlayıb və sənədlərin 20 ildən çox əvvələ aid olması, habelə əlçatmazlığı səbəbindən əlavə şərh verməkdən imtina edib.