ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner avropalı rəsmilər, həmçinin Kiyev tərəfinin təmsilçiləri ilə birlikdə Ukraynada qismən atəşkəs ehtimalını müzakirə etməyi planlaşdırırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ lideri Donald Trampın Administrasiyası Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlarda yaranmış durğunluğu aradan qaldırmaq məqsədilə "yeni ideya və təkliflər" üzərində işləyir.
Nəşr qeyd edir ki, təkliflərdən biri enerji infrastrukturuna hücumları və taxıl tədarükünə maneələri dayandıracaq qismən atəşkəs rejimidir. Bildirilir ki, Ukrayna bu addıma hazır olduğunu bildirsə də, Rusiya hələlik xüsusi maraq göstərməyib.
Portalın məlumatına görə, müzakirələrdən əvvəl, oktyabrın 8-də Uitkoff və Kuşner Trampla görüşüblər. Onlar Mayamidə baş tutacaq ikigünlük sessiya ərəfəsində ABŞ liderinin fikrini öyrənmək üçün Vaşinqtonun ən son təkliflərini ona təqdim ediblər.
Bildirilir ki, planlaşdırılan məsləhətləşmələrdə Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə məsləhətçilərinin iştirakı nəzərdə tutulur. Eyni zamanda, NATO və Avropa İttifaqının rəsmi şəxslərinin də tədbirə qatılacağı gözlənilir.