Qazaxıstan Müdafiə Nazirliyi sərhəd bölgəsində pilotsuz uçuş aparatının (PUA) partlamasını rəsmən təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə nazirlik öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, insident, yerli KİV-in daha əvvəl xəbər verdiyi kimi, Qərbi Qazaxıstan vilayətində baş verib.
"Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunda mənşəyi məlum olmayan pilotsuz uçuş aparatının partlaması qeydə alınıb. Dağıntılar ucqar ərazidə, əhalinin yaşayış zonasından kənarda aşkar edilib. Xəsarət alanlar və maddi ziyan qeydə alınmayıb", - deyə nazirlik bildirib.
Müdafiə Nazirliyi həmçinin hava məkanına nəzarətin gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görüldüyünü vurğulayıb.
Qərbi Qazaxıstan vilayətində pilotsuz uçuş aparatı (PUA) partlayıb. PUA-nın Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu ehtimal edilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, döyüş sursatı daşıyan dron Rusiyanın Orenburq vilayəti ilə sərhədindən təxminən 190 km aralıda, Kızıltal qəsəbəsi yaxınlığında partlayıb.
Yerli sakinlər bildiriblər ki, zərbə yerində çuxur yaranıb, partlayış dalğası isə az qala yaxınlıqdakı evlərin damlarını uçuracaqmış. Xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.
Qazaxıstan Hərbi Prokurorluğu cinayət işi açıb və hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaya başlayıb.