Yəmən hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Birləşmiş Millətlər Təşkilatının tələbi ilə ölkədə birtərəfli qaydada elan etdikləri atəşkəs rejimini uzadıbar.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın verdiyi məlumata görə, koalisiya sözçüsü Turki əl-Maliki əvvəl elan edilmiş 15 günlük birtərəfli atəşkəsin uzadıldığını açıqlayıb.
O, atəşkəsin BMT-nin Yəməndəki təmsilçisi Martin Qriffitsin tələbi əsasında uzadıldığını vurğulayıb. Tərəflərə davamlı atəşkəs üçün danışıqlarda irəliləmək, əhəmiyyətli iqtisadi və humanitar tədbirlər haqqında razılığa gəlmək və siyasi prosesi davam etdirmək üçün qərar verildiyini deyib. Maliki eyni zamanda, bu qərarın Yəmən xalqının dərdinin azalmasına və xüsusilə Ramazan ayında koronavirusla mübarizəyə verilən önəmi nümayiş etdirdiyini bildirir.
Qeyd edək ki, Yəmən hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri də COVID-19-la əlaqədar, 9 apreldən etibarən 2 həftəlik birtərəfli atəşkəs elan edib. Yəməndə atəşkəs elan edilsə də, hökumət qüvvələri və husilər bir-biri ilə mübarizəni və qarşılıqlı ittihamları davam etdirirlər.