Afrikada Ebola virusunun yayılması ilə əlaqədar olaraq göyərtəsində Konqo Demokratik Respublikasından (KDR) olan sərnişinə görə "Air France" təyyarəsinin Amerika Birləşmiş Ştatlarına daxil olmasına icazə verilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CBS telekanalı yayımlayıb.
Paris-Detroyt marşrutu üzrə hərəkət edən hava gəmisi nəticədə Monreal şəhərinə eniş etməli olub. ABŞ Sərhəd Patrul Xidmətinin nümayəndələrinin verdiyi məlumata görə, bu addım Ebola epidemiyası səbəbindən mayın 18-dən KDR, Uqanda və Cənubi Sudandan olan vətəndaşların Birləşmiş Ştatlara girişinə qoyulan müvəqqəti qadağa ilə bağlıdır. Rəsmilər bildiriblər ki, həmin sərnişin "Air France" şirkəti tərəfindən yanlışlıqla ABŞ-yə istiqamət alan reysə buraxılıb.
Mayın 18-də ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ölkəyə daxil olmaqla bağlı məhdudiyyətlərin tətbiqini elan edib. Qərar sərəncamın verilməsindən əvvəlki 21 gün ərzində Uqanda, Cənubi Sudan və ya Konqo Demokratik Respublikasında olmuş, lakin ABŞ vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Eyni zamanda, Ebola infeksiyasının daşıyıcısı olduğu ehtimal edilən sərnişinlərin yoxlanılması sərhəd xidmətləri və aviaşirkətlərlə birlikdə daha da gücləndirilib. Verilmiş qərar 30 gün ərzində qüvvədə qalacaq.
Qeyd edək ki, KDR-in səhiyyə qurumları Ebola virusunun ocağı sayılan İturi əyalətindən ilk xəbərdarlıqları mayın 5-də əldə ediblər. Bundan doqquz gün sonra yerli səhiyyə nümayəndələri xəstəliyin əsas mənbəyini - "Ebola-Bundibugyo" virusunu aşkar etməyə nail olublar. Bunun ardınca dərhal qonşu Uqanda və Konqo Demokratik Respublikasında Ebola epidemiyası rəsmən elan edilib.