Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Lukaşenko: "Trampı, Putini və Zelenskini Minskdə gözləyirəm"
Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk şəhərinin Rusiya, ABŞ və Ukrayna prezidentlərinin danışıqlarını təşkil etməyə hazır olduğunu bildirib.
Oxu.Az-ın "BelTA-ya" istinadən verdiyi məlumata görə, o, bu fikirləri amerikalı bloqer Mario Naufala verdiyi müsahibədə səsləndirib.
"İndi Zelenskini hər necə olsa da, sıxışdırmaq lazım deyil. Onu razı salmaq, anlaşmaq lazımdır, çünki Zelenskinin arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. Ona görə də danışmaq lazımdır. İstəyirsinizsə, buyurun, gəlin. Baxın, Belarus sərhədindən Kiyevə cəmi 200 km var. Təyyarə ilə yarım saatlıq yoldur. Gəlin, burada oturaq. Sakitcə, səs-küysüz, qışqırıq olmadan razılaşaq. Ona görə də Trampa çatdırın: mən onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Oturaq və sakit şəkildə razılığa gələk. Əgər razılaşmaq istəyirsinizsə", - deyə Lukaşenko bildirib.
A.Lukaşenko hesab edir ki, Tramp sələfi Co Baydendən daha müstəqil prezidentdir.
"O, hətta səhv də olsa, özü qərar verə bilir. Bayden isə qərar qəbul etmirdi. Ona deyirdilər "zəng etmə", o da zəng etmirdi. Ona dedilər "Putini diktator adlandır", o da onu diktator adlandırdı", - deyə Lukaşenko bildirib.
O həmçinin ehtimal edib ki, Baydenin prezidentliyi dövründə hərbi sənaye nümayəndələri öz maraqlarını fəal şəkildə irəli sürüblər.
"Bayden xarakterinə və fiziki vəziyyətinə görə müqavimət göstərə bilmirdi, Tramp isə müqavimət göstərə bilir. Məsələ bundadır", - deyə Lukaşenko fikrini yekunlaşdırıb.