İki belçikalı tiktoker Luvrun təhlükəsizlik sistemini aldada bilib. Onlar dünyaşöhrətli "Mona Liza"nın nümayiş olunduğu zalda öz portretlərini yerləşdiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV yazır.
Prankerlər Nil və Senn sosial şəbəkələrdə təxribat xarakterli zarafatları ilə məşhurlaşıblar. Onlar muzeyə adi ziyarətçi kimi gəliblər, amma öz "eksponat"larını nəzarətdən keçirməyi bacarıblar. Bunun üçün onlar asanlıqla yığılıb-sökülən xüsusi "Lego" çərçivəsindən istifadə ediblər.
Nil və Senn Leonardo da Vinçinin əsərinin nümayiş olunduğu Dövlətlər zalında XVI əsr Venesiya rəssamlarının əsərləri arasında öz şəkillərini asıblar. Sonra bir neçə xatirə şəkli çəkərək sakitcə muzeyi tərk ediblər. Ertəsi gün məlum olub ki, onların fotosu hələ də Luvr ziyarətçilərini sevindirməkdə davam edir.
