"Macarıstan münaqişənin nizamlanması üçün Rusiya və Ukraynaya dəfələrlə sammiti Budapeştdə keçirməyi təklif edib və hesab edir ki, bu şəhər belə bir görüş üçün çox münasib yerdir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştin Vladimir Putin, Volodimir Zelenski və Donald Tramp arasında mümkün danışıqlar yeri kimi nəzərdən keçirildiyi xəbərlərini şərh edərkən deyib.
"Bu cür xəbərləri, şayiələri yalnız o halda şərh etmək məna kəsb edir ki, onlar inandırıcı olsun. Budapeştə gəlincə, onlar inandırıcıdır", - deyə o, "YouTube" platformasında "Döyüşçülər saatı" proqramında çıxış edərkən bildirib.
O xatırladıb ki, Macarıstan hökuməti Rusiya və Ukrayna arasında danışıqlar üçün dəfələrlə öz ərazisini təklif edib və bu təklif qüvvədə qalır.
"Bu barədə bizə gəlişinizə ən azı bir saat qalmış xəbər verin və biz Macarıstanda bütün tərəflər üçün ədalətli, təhlükəsiz və bərabər şərait yaradılmasına zəmanət verməyə hazırıq", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, hələ 2022-ci ildə, münaqişə başlayandan dərhal sonra o, Rusiyanın xarici işlər naziri Sergey Lavrova və Zelenskinin Ofisinin rəhbəri Andrey Yermaka Budapeştdə Rusiya-Ukrayna görüşünün keçirilməsini təklif edib.
"Mən onlara dedim ki, əgər onlar müharibə bitdikdən sonra sülhə gətirib çıxaracaq dialoq üçün yer axtarırlarsa, istənilən vaxt Macarıstana gələ bilərlər", - deyə Peter Siyarto qeyd edib.
Onun sözlərinə görə, o vaxtdan bəri o, Ukrayna münaqişəsinin nizamlanması üçün Macarıstanın istənilən səviyyədə görüş keçirməyə hazır olduğunu dəfələrlə təsdiqləyib.
"Aydındır ki, bu, Budapeştin həmişə Rusiya-Ukrayna danışıqları üçün mümkün məkan kimi qeyd olunmasının səbəblərindən biridir", - deyə o əlavə edib.
Onun sözlərinə görə, ikinci səbəb isə Macarıstanın bütün tərəflərlə əlaqə kanallarını açıq saxlaması və həmişə dinc dialoqun davam etdirilməsinə çağırış etməsidir.